Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İspaniyanın müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaqdan imtina etməsinə görə bu ölkədən idxal olunan məhsullara rüsum tətbiq etməyi planlaşdırdığını bildirib.
Trend xəbər verir ki, Tramp bu fikri Ağ Evdə jurnalistlərə açıqlamasında səsləndirib.
“Mən İspaniyadan çox narazıyam. Onlar NATO üzvləri arasında müdafiə xərclərini 5 faizədək artırmayan yeganə ölkədir. İspaniyanı tariflərlə cəzalandırmağı düşünürəm”, – deyə ABŞ prezidenti qeyd edib.
Bundan öncə Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüş zamanı Tramp bildirmişdi ki, NATO üzvü olan ölkələr arasında İspaniya müdafiə xərcləri baxımından ciddi şəkildə geri qalır.
“Bir geridə qalan ölkəmiz var — bu, İspaniyadır. Onlara zəng edib soruşmaq lazımdır ki, niyə geri qalırlar. Onların buna heç bir bəhanəsi yoxdur. Açığını desəm, onları NATO-dan çıxarmaq lazımdır”, – o əlavə edib.
İspaniya rəsmiləri isə cavab olaraq bəyan ediblər ki, müdafiə xərclərini müəyyən səviyyəyə çatdırmasalar da, silahlı qüvvələrin döyüş hazırlığının artırılması üçün NATO ilə razılaşdırılmış bütün təşəbbüsləri həyata keçirmək imkanına malikdirlər.