Bakı. Trend:
Azərbaycan və Belarus ölkələr arasında ticarət-investisiya və sənaye əməkdaşlığını tənzimləyən 140-dan çox sənəd imzalayıblar.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Azərbaycan-Belarus biznes-forumunda bildirib.
O qeyd edib ki, ötən ilin iyun ayında iki ölkə arasında Birgə Komissiyanın 14-cü iclası keçirilib.
“Tədbirdə 2024–2025-ci illər üçün Yol Xəritəsi aktuallaşdırılıb. Onun icrası ticarət-iqtisadi və investisiya əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Bu sazişlər sənaye əməkdaşlığı, ticarət və investisiyalar daxil olmaqla geniş istiqamətləri ehtiva edir və ikitərəfli əlaqələrin gələcək inkişafı üçün mühüm əsasdır”, - deyə T.Hacılı bildirib.
O, Azərbaycan ilə Belarus arasında ticarət-investisiya münasibətlərinin möhkəmlənməkdə olduğunu vurğulayıb.
"2025-ci ilin ilk səkkiz ayında ticarət dövriyyəsi təxminən 74 milyon dollar təşkil edib. Bütün maraqlı tərəflərin hərtərəfli dəstəyi ölkələr arasında biznes münasibətlərinin güclənməsinə xidmət edir”, - deyə T.Hacılı əlavə edib.
O, may ayında keçirilən biznes forumun və ötən ilki forumun əhəmiyyətini qeyd edib.
Tural Hacılı bildirib ki, birgə proqramların ardıcıl həyata keçirilməsi ölkələr arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin dərinləşməsinə töhfə verir.