Bakı.Trend:
Turizmin müxtəlif istiqamətləri arasında sağlamlıq turizmi xüsusi yer tutur və həm iqtisadi, həm də sosial baxımdan strateji əhəmiyyət daşıyır.
Trend xəbər verir ki, bu fikirləri Bakıda keçirilən II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda Azadə Hüseynova çıxışı zamanı bildirib.
O, qeyd edib ki, bu sahə təkcə ölkəyə əlavə valyuta axını gətirmir, eyni zamanda insanların həyat keyfiyyətinin yüksəldilməsinə, rifah və sağlamlıq mədəniyyətinin təşviqinə, Azərbaycanın beynəlxalq tanınmasın xidmət edir:
“Ölkəmiz zəngin təbii resursları, müasir infrastruktur imkanları ilə bu istiqamətdə böyük potensiala malikdir. Naftalan nefti, Naxçıvanda Duz dağı, Qarabağ və Şərqi Zəngəzurda yerləşən təbii balneoloji mənbələr həm regionda, həm də beynəlxalq səviyyədə tarixən tanınıb. Həmçinin Abşeron, Şabran, Qəbələ, Lənkəran, Şəki kimi bölgələrimizdə fəaliyyət göstərən sağlamlıq mərkəzləri həm yerli, həm də xarici turistlər tərəfindən seçilən məkanlardandır”.
A.Hüseynova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda tibbi turizmin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
“Bu siyasət çərçivəsində müasir səhiyyə infrastrukturunun yaradılması, kadr potensialının gücləndirilməsi, xidmət keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”.