Bakı. Trend:
Yelo Bank 2025-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb.
Bankın mühüm maliyyə göstəricilərində pozitiv dinamika bu rüb də
davam edib. Cari il ərzində Yelo Bank 25 mln manata yaxın mənfəət
əldə edib. Xüsusi vurğulamaq lazımdır ki, həm əmanət, həm də kredit
portfeli 1 milyard manatı keçib. Detallara nəzər yetirdikdə:
İlin əvvəlindən kredit portfeli 119 mln manat, 12%-dən çox
artımla 1 mlrd 53 mln manatı keçib. Bankın, prioritetlərinə uyğun
olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin
tərkibində genişlənməkdə davam edib.
2025-ci ilin ilk 9 ayında sahibkarlara 474 mln manat biznes krediti
verilib. Nəticədə bu istiqamət üzrə portfel ilin əvvəlindən 59 mln
manat, 10% artımla 646 mln manatı ötüb.
Xüsusilə regionlarda mikro bizneslərin maliyyələşdirilməsi Bankın
diqqət mərkəzindədir. Cari il ərzində mikro bizneslərə Bank
tərəfindən 305 mln manat vəsait ayrılıb. Ümumilikdə il ərzində
mikro biznes kredit portfeli 48,6 mln manat, 14% artıb, nəticədə
rübün sonuna mikro biznes portfeli 395 mln manat təşkil edib.
Eyni müddətdə 284 milyon manatdan çox istehlak krediti ayrılıb.
Nəticədə istehlak kredit portfeli 407 mln manatı ötüb, bu da ilin
əvvəli ilə müqayisədə 60 mln manat, yəni 17%-dən çox artım
deməkdir. Portfel artımının 40%-i, eləcə də satışların 38%-i məhz
onlayn kanalların payına düşür.
Hesabat dövrü ərzində Yelo Bank-ın əmanət portfeli də böyüyüb.
Ümumi əmanət portfeli ötən ilin sonu ilə müqayisədə 111 mln manat,
12% artmaqla bu ilin üçüncü rübünün yekununda 1 mlrd 40 mln manat
təşkil edib. Artımın mühüm hissəsinin fiziki şəxslərin əmanətləri
hesabına baş verməsi Bankın məhsul və xidmətlərinin cəlbedici
olduğunu göstərir.
Bankın kapital mövqeyi də güclənib: hesabat dövründə məcmu kapital
168 mln manat təşkil edir, bu da ilin əvvəlindən 13% çoxdur. Məcmu
kapitalın adekvatlıq əmsalı 13,68%, birinci dərəcəli kapitalın
adekvatlıq əmsalı isə 9,93% olmaqla, hər iki göstərici üzrə tələb
olunan normanı üstələyir. Rübün sonuna Bankın aktivlərinin həcmi də
12% artaraq 1 mlrd 444 mln manat təşkil edib. Faiz gəlirləri 130
mln manatı, qeyri-faiz gəlirləri isə 11 mln manatı ötüb.
Yelo Bank İdarə Heyətinin sədri Anar Həsənov dövrün göstəricilərini
belə şərh edib: “2025-ci ilin ilk doqquz ayının nəticələri göstərir
ki, Yelo Bank qarşıya qoyduğu strateji hədəflərə doğru inamla
irəliləyir. Maliyyə göstəricilərimiz – kredit və əmanət
portfellərinin hər ikisinin 1 milyard manatı aşması, kapital və
aktivlərdəki artım planlarımızın uğurla reallaşdığını təsdiqləyir.
Yeni strateji dövrün çağırışlarına uyğun olaraq, müştərilərimiz
üçün əlavə dəyər və loyallıq yaradan bankçılıq mühitini
formalaşdırmaqda davam edirik. Rəqəmsal həllərimiz maliyyə
xidmətlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bizneslərin dayanıqlı
böyüməsinə mühüm dəstək verir. Əldə olunan nəticələr isə təsadüfi
deyil – bunlar peşəkar komandamızın əməyinin və müştərilərimizin
bizə göstərdiyi etimadın bəhrəsidir. Qarşıdakı dövrdə də birlikdə
daha böyük nailiyyətlərə imza atacağımıza əminik”.
Bank xidmətləri (http://yelo.az/az/individuals/loans/)
haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!