Bakı.Trend:
Metropoliten xətlərində qatarların hərəkətinə ən çox təsir edən hallar qatarların qapılarına müdaxilə və hüdud xəttinin keçilməsidir.
Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.
Metropoliten rəsmisi qeyd edib ki, Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında kəsişərək birləşir. Bu səbəbdən bir istiqamətdə yubanma hər iki xətt üzrə qatarların hərəkətinə təsir edir və yubanmalara səbəb olur:
“Nəticədə, sistem avtomatik olaraq qatarların təhlükəsizlik zonasına daxil olmasına icazə vermir. Belə olduqda arxadan gələn qatarlar məcburən stansiya və tunellərdə dayanaraq gözləməli olur”.
B.Məmmədov vurğulayıb ki, hər iki xəttə təsirləri azaltmaq üçün həm “İçərişəhər”, həm də “Dərnəgül” marşrutları üzrə qatarların hərəkətinə mümkün əlavə tənzimləmələr tətbiq edilir.
“Sərnişinlərdən xahiş edirik, intervalın azaldılması şəraitində qatarların nizamlı hərəkətinə maneələr yaradan və yekunda sərnişinlərin haqlı narazılığna səbəb olan bu kimi hallara yol verilməsin”,- qurum rəsmisi əlavə edib.