...

Belarus Baş nazirinin müavini Azərbaycana səfər edəcək

Siyasət Materials 15 Oktyabr 2025 11:30 (UTC +04:00)
Belarus Baş nazirinin müavini Azərbaycana səfər edəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Belarus Respublikasının Baş nazirinin müavini Natalya Petkeviç oktyabrın 28-də Azərbaycana səfər edəcək.

Trend xəbər verir ki, bunu Belarus Ticarət-Sənaye Palatasının Minsk bölməsinin xarici iqtisadi əlaqələr üzrə baş direktor müavini İrina İvanova Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, səfər çərçivəsində iqtisadiyyat, sənaye və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın müzakirə olunacağı gözlənilir.

Daha sonra ikitərəfli münasibətlərin inkişafından danışan İrina İvanova Belarus və Azərbaycan arasında ticarət dövriyyəsinin fəal şəkildə artdığını vurğulayıb. Onun sözlərinə görə, xüsusilə 2024-cü il bu baxımdan çox əlamətdar olub – qarşılıqlı ticarət həcmlərində əhəmiyyətli artım qeydə alınıb.

İ.İvanova bildirib ki, 2025-ci ilin ilk altı ayının tendensiyaları bu artımın davam edəcəyinə ümid yaradır, baxmayaraq ki, keçən ilin səviyyəsinə çatmaq üçün ilin yarısı hələ qabaqdadır.

“Belarus Azərbaycanın ilk on böyük ticarət tərəfdaşından biridir. Bizim üçün siz — hətta qardaşlarsınız. Xaricə səfər etdiyim yeganə ölkədir ki, özümü xaricdə hiss etmədim — hamı rus dilində danışır, hamı mehribandır”, – deyə İrina İvanova qeyd edib.

Belarusun ixrac strukturuna toxunan İrina İvanova qeyd edib ki, əsas pay ərzaq məhsullarına, xüsusilə də süd məhsullarına aiddir. Hazırda Azərbaycanda belaruslu süd istehsalçıları təmsil olunur və onlar artıq yeni müqavilələr imzalayaraq yerli tərəfdaşlarla uğurlu əməkdaşlığı davam etdirirlər.

“Azərbaycanlı istehlakçılar Belarus məhsullarını sevir. Bizim üçün vacibdir ki, ixrac həcmlərini artıraq, son istehlakçılar üçün qiymətləri azaldaq və müxtəlif istehsalçılar hesabına çeşidi genişləndirək. Nə qədər çox istehsalçı təqdim olunsa, məhsul bir o qədər əlçatan olacaq. Beləliklə, Belarus və Azərbaycan arasında əməkdaşlıq inkişaf etməyə davam edir, bazarın yeni seqmentlərini əhatə edir və ölkələr arasında dostluq xarakterli iqtisadi əlaqələri möhkəmləndirir”, – deyə o yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti