Bakı. Trend:
14 oktyabr 2025-ci il tarixində Budapeşt şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstan Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci iclası keçirilib.
Trend
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici
işlər nazirinin müavini Fariz Rzayev, Macarıstan nümayəndə heyətinə
xarici işlər və ticarət nazirinin müavini Boqlarka İlles rəhbərlik
edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və
humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf
perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən
strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr
aparılıb.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud səmərəli
əməkdaşlığın daha da genişləndirilməsinin perspektivlərinə
toxunulub. Bu çərçivədə, cari ilin 21 may tarixində Budapeştdə
TDT-nin qeyri-rəsmi Zirvə toplantısına yüksək səviyyədə ev
sahibliyi etdiyinə görə Macarıstana təşəkkür edilib, 7 oktyabr
tarixində Qəbələ şəhərində keçirilmiş TDT-nin 12-ci Zirvə
toplantısında aparılmış müzakirələr və qəbul edilmiş qərarların
əhəmiyyəti vurğulanıb.
Məsləhətləşmələr zamanı Azərbaycan, ABŞ və Ermənistan liderləri
arasında cari ilin 8 avqust tarixində Vaşinqton şəhərində
keçirilmiş Zirvə görüşünün nəticələri təqdir olunub, bölgədə sülhün
yaradılması, regional əməkdaşlığın inkişafı perspektivləri haqqında
qarşı tərəfə məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi,
habelə bərpa və yenidənqurma işlərinə Macarıstanın göstərdiyi dost
dəstəyinə görə minnətdarlıq ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər qlobal, regional və
ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində F.Rzayev, həmçinin Macarıstanın digər bir sıra
rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də aparıcı
araşdırma mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında
baş tutan müzakirələrdə iştirak edib.