Bakı. Trend:
Qan donoru olmaq orqanizm üçün çox faydalıdır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Respublika Qan Bankının Donor qanı və onun komponentlərinin təhlükəsizliyinin təmin edilməsi şöbəsinin müdiri Növrəstə Hacılı açıqlayıb.
Onun sözlərinə görə, hər bir donor qan verməzdən öncə tibbi müayinə və analizlərdən keçir: “Donor qanı HİV, Hepatit B və C, sifilis kimi infeksiyalara qarşı yoxlanılır. Bu yolla donor həm də öz sağlamlığı haqqında məlumat alır. Qan verildikdən sonra orqanizmdə itirilən qan qısa müddətə bərpa olunur. Bu, immun sistemini və qan dövranını gücləndirir. Qan təzyiqi və dəmir balansını tənzimləyir. Qan ixtisaslı mərkəzdə xüsusi tibbi qaydalara uyğun verilirsə, donor olmaq təhlükəsizdir”.
N.Hacılı qeyd edib ki, 18-65 yaş arası, çəkisi 50 kq-dan yuxarı olan şəxslər qan donoru ola bilərlər: “Bu şərtlə ki, onlarda xroniki və infeksion xəstəliklər, qan azlığı və ya qan xəstəlikləri olmasın. Eləcə də, 1 il ərzində hansısa əməliyyat keçirmiş, doğuş, döymə və ya digər tibbi prosedurlar etdirmiş şəxslər, hamilə qadınlar, süd verən analar qan verə bilməzlər. Qan vermək sadəcə humanist addım deyil, həm də donorun sağlamlığına bir sıra müsbət təsirlər göstərir. Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski donor olmayanlarla müqayisədə daha az olur. Yeni qan hüceyrələrinin yaranması orqanizmdə oksigenin daşınmasını və toxumaların qidalanmasını yaxşılaşdırır. Yəni, donorun orqanizmi daha “gənc” və sağlam qanla təzələnir”.
Həmçinin bildirilib ki, donor olmaq humanizm və mənəvi rahatlıq yaradır:
“İnsan başqasının həyatını xilas etdiyini biləndə özünü faydalı və dəyərli hiss edir. Bu da öz növbəsində psixoloji məmnunluq yaradır. Donorluq cəmiyyətdə yardımlaşma və birliyə çağırışdır. Eyni zamanda, sağlam cəmiyyətin formalaşması üçün vacib şərtdir”.