...

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

İqtisadiyyat Materials 15 Oktyabr 2025 16:25 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 20,569 milyon ton təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,1 milyon ton və ya 5,1% azdır.

Belə ki, 2024-cü ilin ilk doqquz ayında BTC ilə 21,682 milyon ton neft nəql edilmişdi.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,6%-ni və ya 17,404 milyon tonunu Azərbaycanda hasil edilən neft, 15,4%-ni və ya 3,165 milyon tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 271,9 min ton və ya 1,5%, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 840,7 min ton və yaxud 21% azalıb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 27,593 milyon ton neft nəql edilib. Bu isə bir il əvvəlki göstəriciyə nisbətən 1,267 milyon ton və yaxud 4,4% azalma deməkdir.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti