Bakı. Trend:
2025-ci ilin yanvar–sentyabr ayları ərzində isə artıq 42 451 xarici vətəndaşa tibbi xidmət göstərilib.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə Azərbaycanda ümumilikdə 59 011 xarici vətəndaş müxtəlif tibbi xidmətlərdən yararlanıb.
"2024-cü ildə bu göstərici 57 077 nəfər təşkil edib. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində isə artıq 42 451 xarici vətəndaşa tibbi xidmət göstərilib. İlin sonuna qədər bu rəqəmin əvvəlki illərlə müqayisə edilə biləcək səviyyədə olacağı proqnozlaşdırlır.
Ümumilikdə son üç ildə 158 539 xarici vətəndaşa tibbi xidmət göstərilib. Ən çox tibbi xidmət alan vətəndaşlar isə əsasən Rusiya, Gürcüstan, Türkiyə, İran və Özbəkistan kimi ölkələrdən olub. Təkcə 2025-ci ilin ilk doqquz ayında Rusiya Federasiyasından 15 491, Gürcüstandan isə 9 510 nəfər vətəndaş ölkəmizdə müalicə alıb.
Xarici vətəndaşlara göstərilən tibbi xidmətlərin strukturu geniş və müxtəlif ixtisaslaşmış sahələri əhatə edir. 2025-ci ilin ilk doqquz ayı ərzində 20 413 nəfər ixtisaslaşdırılmış ambulator tibbi xidmətlərdən, 16 916 nəfər laboratoriya xidmətlərindən yararlanıb. Eyni dövrdə 244 cərrahi əməliyyat, eləcə də yüzlərlə fizioterapiya və invaziv radioloji (angioqrafiya) xidmət göstərilib.
Habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətində məhz turistlərə göstərilən xidmətdə rahat ünsiyyətin təmin olunması məqsədilə ingilis və rus dillərini bilən tibbi personallar formalaşdırılıb. Bundan əlavə, Bakı, Qəbələ, Naftalan, Quba və Şəki kimi turizm mərkəzlərində isə tibbi xidmətin sayı və çeşidi, xidmət əlçatanlılığı mütəmadi olaraq təkmilləşdirilir.
Qeyd olunan göstəricilər Azərbaycanın regionda səhiyyə turizminin cəlbedici istiqamətlərindən birinə çevrildiyini təsdiq edir. Bütün bunlar ölkəmizdə dövlət tibb müəssisələrinin yüksək texnoloji imkanlara, müasir avadanlıqlara və peşəkar kadr potensialına malik olduğunu göstərir",- deyə TƏBİB-dən qeyd edilib.