Bakı. Trend:
Bir vaxtlar sülhün və ədalətin keşiyində duran BMT indi çoxları tərəfindən iflic olmuş, müharibələrə, qlobal böhranlara və artan çoxqütblü gərginliyə effektiv reaksiya verə bilməyən bir qurum kimi qəbul olunur. Bu müzakirələrin mərkəzində iki dövlət başçısı dayanır: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp. Onlar birlikdə sözügedən təşkilatın səmərəliliyini itirən nizamına meydan oxumağa hazır olan güclərin səslərini təmsil edirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham İsrail və dünyanın ən nüfuzlu nəşrlərindən olan “The Jerusalem Post”da dərc edilən “Yenidənqurma vaxtı: institutsional iflic fonunda Tramp və Əliyev BMT-də islahatlara çağırırlar” başlıqlı məqalədə yazıb. Təşkilatın öz Təhlükəsizlik Şurasının daimi üzvlərinin vetolarının girovu kimi qalmaqla münaqişələri həll etmək iqtidarında olmadığını, ECOSOC və BMT-nin sülhməramlı missiyaları kimi qurumların səmərəsizliyə və bürokratiyaya görə etibarlılığını xeyli itirdiyini, islahatların sonsuz olaraq ləngidiyi və kiçik dövlətlərin özlərini kənarda hiss etdiyini, belə bir məqamda “Sıfırlama vaxtıdır” ifadəsinin populyarlıq qazandığını diqqətə çatdırıb.
Qeyd olunub ki, məsələ ilə bağlı Azərbaycan və ABŞ Prezidentləri İlham Əliyev və Donald Trampın birgə ismarıcı aydındır: BMT 21-ci əsrin reallıqlarına uyğunlaşmalıdır, əks halda aktuallığını itirmək riski ilə üz-üzədir. İki dövlət başçısının təklif etdiyi sıfırlama kosmetik islahatları deyil, ədalətliliyi, səmərəliliyi və inklüzivliyi nəzərə alan qlobal idarəetmənin yenidən qurulmasını nəzərdə tutur. Habelə məsələ artıq islahatların olub-olmayacağı deyil, nə vaxt gerçəkləşəcəyi və ona kimin rəhbərlik edəcəyidir. Bu mənada sıfırlama rəmzi bir mesajı ehtiva edir: liderlik yalnız ənənəvi güclərdən deyil, yeni səslərdən gəlməlidir. Həqiqi islahatlar olmadan, sıfırlamanın boş ritorika kimi rədd edilməsi riski var. İslahat təkcə böyük dövlətlərin liderlərinin deyil, orta və kiçik dövlətlərin koalisiyasını tələb edir.
Yazıda 1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin Azərbaycanın ərazi suverenliyini tanımasına rəğmən heç vaxt yerinə yetirilməməsi BMT-nin iqtidarsızlığının bariz nümunəsi kimi göstərilib. Azərbaycan Prezidentinə istinadən vurğulanıb ki, kiçik və orta dövlətlər ədaləti sistemli şəkildə təmin edə bilməyən köhnəlmiş strukturlara arxalana bilməzlər. Bu baxımdan BMT-də islahatların aparılması təkcə qlobal ədalət üçün deyil, həm də öz suverenliyini və müstəqilliyini müdafiə edən dövlətlərin səlahiyyətlərinin artırılması üçün də əhəmiyyətlidir. Ölkəmizin artan beynəlxalq nüfuzuna münasibət bildirən israilli politoloqun fikrincə, bu gün Azərbaycan beynəlxalq enerji qovşağı və tranzit dəhlizi funksiyasını yerinə yetirən regional oyunçu olmaqla yanaşı, 2025-ci ilin avqustunda Ermənistanla imzalanan sazişindən sonra şərqlə qərb, şimalla cənub arasında əlaqələndirici missiyasını da uğurla icra edir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: