Bakı. Trend:
Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5-ci ildönümünə və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı və İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə baş tutub.
Kopenhagendəki “Albertslund” Mədəniyyət Mərkəzindəki konsertdə Azərbaycan və türk diasporlarının nümayəndələri, eləcə də yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mehriban Səfər Əliyeva musiqinin milli kimlik və qürur hissi ilə birləşdiyi bu tədbirin önəmini diqqətə çatdırıb. O, İkinci Qarabağ müharibəsinin xalqımız üçün həmrəylik və qürur nümunəsi olduğunu vurğulayaraq, “Qələbə keçmişə hörmət, gələcəyə inam rəmzidir, musiqi isə bu Zəfərin səsidir”, – deyə qeyd edib.
Türkiyənin Danimarkadakı Səfirliyinin birinci katibi Özgür Kafadar da çıxışında tədbirin əhəmiyyətindən bəhs edib və bu kimi mədəni təşəbbüslərin xalqlar arasında dostluq və anlaşmaya töhfə verdiyini bildirib.
Tədbirin proqramında pianoçu Aynur Məlikova, Azərbaycandan gedən opera müğənnisi Aytac Şıxəlizadə və isveçli fleyta ifaçısı Katrin Yohanssonun ifasında Üzeyir Hacıbəylinin və digər Azərbaycan və Skandinaviya bəstəkarlarının əsərləri səsləndirilib. Musiqi nömrələri sülh, dostluq və mədəniyyətlərarası körpü ideyasını əks etdirib.
Üzeyir Hacıbəylinin yaradıcılıq irsini davam etdirən Fikrət Əmirov, Niyazi və Arif Məlikovun əsərlərinin ifası da tədbirdə böyük şövq yaradıb.