Bakı. Trend:
Yaxın vaxtlarda Milli Məclis qanunvericilik orqanı olaraq bir sıra təşəbbüsləri dəstəkləyib və məhkəmə sisteminə dəstək göstərib.
Trend xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev parlamentdə baş tutan Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində Bakıda keçirilən “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşdə deyib.
Aparat rəhbəri bildirib ki, Milli Məclis digər məsələlərlə yanaşı, hakimlərin statusu, məhkəmə qərarlarının icrası və digər hüquqi məsələlərlə bağlı qərarlar qəbul edir.
O xatırladıb ki, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apelyasiya məhkəmələrinin hakimləri Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təsdiqlənir. Hakimlərin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının bir üzvü də Milli Məclis tərəfindən təyin olunur.