Bakı. Trend:
Böyük Britaniyanın rabitə tənzimləyicisi “Ofcom” “Royal Mail” kral poçt şirkətini 2024–2025-ci maliyyə ilində (aprel ayında başa çatıb) birinci sinif göndərişlərinin dörddə birini gecikmə ilə çatdırdığına görə 21 milyon funt sterlinq (təxminən 48 milyon manat) məbləğində cərimələyib.
Trend xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilir.
“Ofcom”un məlumatına görə, cərimə “Royal Mail”in həm birinci, həm də ikinci sinif poçt göndərişlərinin çatdırılma üzrə müəyyən edilmiş hədəf göstəricilərini yerinə yetirməməsi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq tətbiq edilib.
Ötən il “Royal Mail” birinci sinif göndərişlərinin yalnız 77 faizini, ikinci sinif göndərişlərinin isə 92,5 faizini vaxtında çatdırıb ki, bu da müvafiq olaraq 93 faiz və 98,5 faiz səviyyəsində müəyyən edilmiş hədəflərdən xeyli aşağıdır.