Bakı. Trend:
2025-ci ildə Türkiyədə inflyasiyanın zəifləməsinin davam etməsinə baxmayaraq, ölkə iqtisadiyyatı mülayim artım templəri nümayiş etdirir. Bununla belə iqtisadi siyasətə inamın artması çətin məsələ olaraq qalmaqdadır.
Trend bu barədə “Fitch”ə istinadən xəbər verir.
Qeyd olunur ki, bütün regionda monetar və fiskal stimullaşdırma perspektivləri məhduddur, həmçinin əsas inflyasiya təzyiqinin davam etməsi sərt pul-kredit siyasətinin zəruriliyini qabardır, Orta və Şərqi Avropa ölkələrində dövlət borcunun ümumi artımı isə fiskal konsolidasiya tələb edir.
“2025-ci ildə Şərqi Avropa ölkələrində iqtisadi artım müəyyən dayanıqlıq göstərsə də, davam edən inflyasiya təzyiqi və borc səviyyələrinin yüksəlməsi səbəbindən siyasətdə manevr imkanları məhdud olaraq qalır”, – deyə “Fitch Ratings”in Şərqi Avropa ölkələrinə dair hesabatında bildirilir.
“Güclü daxili istehlak və ABŞ-nin tariflərinə qabaqlayıcı reaksiya 2025-ci ildə Mərkəzi və Şərqi Avropada (MŞA) artımı dəstəklədi, lakin ticarət sahəsindəki qeyri-müəyyənlik qlobal artım perspektivlərinə təsir göstərdiyindən regionda iqtisadi artımın sürətlənməsi məhdud olacaq. Qafqazda iqtisadi fəallıq yüksək olaraq qalır, Türkiyə iqtisadiyyatı isə orta səviyyədə artım nümayiş etdirir.
Dövlət borcunun səviyyəsi artdıqca, dövlət maliyyəsi MŞA regionunda reytinqlərə təsir edən əsas amil olaraq qalır. Lakin daxili siyasi şərait və zəif artım templəri fiskal konsolidasiyanı çətinləşdirir. Ukraynada davam edən müharibə və ABŞ-nin NATO qarşısındakı öhdəlikləri ilə bağlı narahatlıqlar səbəbindən geosiyasi risklər yüksək olaraq qalır. Türkiyədə isə daxili siyasət iqtisadi siyasətə inamın möhkəmlənməsi üçün risklər yaradır”, – deyə məlumatda qeyd olunur.
“Fitch”in məlumatına əsasən, 2024-cü ildən etibarən ümumilikdə Şərqi Avropa ölkələrinin reytinqləri üzrə proqnozlar zəifləyib. Mənfi proqnozlar dövlət maliyyəsinin pisləşməsinin (Polşa, Rumıniya) və daxili siyasi qeyri-müəyyənliyin (Gürcüstan) davam etməsini əks etdirir.
Bildirilib ki, bu amillər Serbiyanın (BB+) iqtisadi artımı üçün risk yaradır, baxmayaraq ki, ölkə üzrə müsbət proqnoz dövlət borcunun azalmasını və xarici iqtisadi mövqenin möhkəmlənməsini əks etdirir.