Bakı. Trend:
COP29-da Yaşıl tikinti və binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq mövzusunda Yüksək Səviyyəli Dəyirmi Masa keçirilib.
Trend xəbər verir ki, tədbir COP29 Prezidentliyi, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABİTAT), BMT-nin ətraf mühit proqramının (UNEP) təşkilatçılığı ilə baş tutub.
Tədbirdə BMT ətraf mühit proqramının (UNEP) icraçı direktoru İnger Anderson çıxış edərək bildirib ki, emissiyaları 2030-dək azaltmaq lazımdır.
O qeyd edib ki, hazırda iqlim trayektoriyamızın yanlış istiqamətdə getdiyini başa düşsək, 2023-cü ildə istixana qazı emissiyalarında artımının 1,3 faiz olduğunu görərik.
"Burada tikinti sektoru çox vacibdir, çünki bu, istixana qazı emissiyalarına 21 faizini təşkil edir. Bu rəqəmin üçdə ikisi bizim yaşadığımız, mövcud olduğumuz yaşayış sektorunda baş verir. Buna görə bizim üzərimizə çox iş düşür. Müəyyən edilmiş mənzil və infrastruktur ehtiyatı və iqlimə daha uyğun olması üçün onu yenidən təchiz etmək barədə düşünməliyik",- deyə o bildirib.
Əlavə olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, biz tikinti sektorunun təkcə ətraf mühitin qurulması üçün formalaşdırılmasında deyil, həm də davamlı şəhər inkişafının və iqtisadi artımın idarə edilməsində oynaya biləcəyi transformativ rolu qəbul etməliyik.
O qeyd edib ki, biz onu da etiraf etməliyik ki, tikinti sektoru qlobal karbon emissiyalarına, resursların tükənməsinə və ətraf mühitin pisləşməsinə ən böyük töhfə verənlərdən biridir:
“Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da tikinti sənayesi uzun müddətdir ki, iqtisadi inkişafın güclü mühərriki olub. Bu, iş yerləri yaratdı, innovasiyaları simulyasiya etdi və vətəndaşlarımızın həyat keyfiyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verdi. Bununla belə, bu artım binalarımızın və infrastrukturumuzun ətraf mühitə təsirini azaltmaq üçün böyük məsuliyyət daşıyır.
Bu gün iqlim dəyişikliyinin artan aktuallığı şəhərlərimizi qurma və idarə etmə tərzimizdə əsaslı dəyişiklik tələb edir. Biz daha yaşıl, daha davamlı tikinti təcrübələrini qəbul etməli və binalarda enerji səmərəliliyinə üstünlük verməliyik".
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.