...

Sənaye ölkələri iqlim böhranı ilə mübarizəyə dair vədlərini yerinə yetirə bilmir – Panama nümayəndəsi

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 15:29 (UTC +04:00)
Sənaye ölkələri iqlim böhranı ilə mübarizəyə dair vədlərini yerinə yetirə bilmir – Panama nümayəndəsi
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Sənaye ölkələri iqlim böhranı ilə mübarizəyə dair vədlərini yerinə yetirə bilmir.

Trend xəbər verir ki, bu barədə Panamanın Ətraf Mühit Nazirliyinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Xuan Karlos Qomes Bakıda keçirilən COP29 sammitində milli bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, onilliklərdir davam edən boş vədlərə baxmayaraq, karbon qazı emissiyaları ikiqat artıb və bəşəriyyət Yer üzündəki bütün canlıların yarısını məhv etmək yolundadır.

"32 il əvvəl biz bu böhranı həll etmək öhdəliyi götürdük, lakin onilliklərdir davam edən boş vədlərdən sonra emissiyalar ikiqat artdı və biz Yer üzündəki bütün canlıların yarısını məhv etməyə doğru irəliləyirik", — deyə Xuan Qomes bildirib.

O, 2010-cu ildə inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün hər il 100 milyard dollar vəsait ayrılması ilə bağlı vədin verildiyini xatırladıb. Lakin əvəzində bu ölkələr böyük borclara məruz qalıb və neftin istismarı davam etdirilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti