Bakı. Trend:
Slovakiya Avropada artım təşəbbüsü üçün regional mərkəz yaratmağa hazırdır.
Trend xəbər verir ki, bu barədə Slovakiyanın baş nazir müavini, ətraf mühit naziri Tomasa Taraba COP29 çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
"Azərbaycanın təşkil etdiyi iqlim dəyişikliyi ilə bağlı müzakirələri yüksək qiymətləndirirəm. İqlim dəyişikliyinin səbəb olduğu böhranı görməzdən gələ bilmərik. Bütün siyasətçilər insanlara yaxşı şəhər icmalarında yaşamağa kömək etmək üçün məsuliyyət daşıyırlar. Biz iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə çatmağı bacardıq və bu səbəbdən bütün təcrübələrimizi bölüşməkdən çox məmnunuq.
Slovakiya Avropada artım təşəbbüsü üçün regional mərkəz yaratmağa hazırdır. Biz bu təşəbbüsü qəbul edirik. Həmçinin, su idarəçiliyi kimi ən həssas məsələlərdə öz təcrübəmizi bölüşməkdən çox məmnunuq”, - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.