Bakı. Trend:
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu Şərqi Asiya, Mərkəzi Asiya və Cənubi Avropa arasında məsafəni təxminən 900 km qısaldacaq, daşınma müddəti isə 10 günə qədər azalacaq.
Trend xəbər verir ki, bunu Qırğızıstan Respublikasının nəqliyyat və kommunikasiyalar nazirinin müavini Bekjan Rısmendeyev COP29 çərçivəsində "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masa zamanı bildirib.
"Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin əhəmiyyətini xüsusi olaraq vurğulamaq istəyirəm. Bu yeni dəmir yolu dəhlizi Orta Dəhlizin cənub qoluna çevriləcək və Cənub-Şərqi Asiya, Qərbi Asiya, eləcə də Yaxın Şərq bazarlarına çıxış təmin edəcək.
Layihə Çindən yüklərin Qırğızıstan vasitəsilə Mərkəzi Asiyaya, Yaxın Şərqə, o cümlədən Türkiyəyə və daha sonra Avropa İttifaqına daşınmasını mümkün edəcək. Layihənin reallaşdırılması məsafə və çatdırılma müddətinin azalması hesabına beynəlxalq tranzit bazarında rəqabət qabiliyyətini artıracaq", — deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.