Bakı. Trend:
COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf "Honeywell Energy and Sustainability Solutions" şirkətinin prezidenti və baş icraçı direktoru Ken Vest ilə görüşüblər.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Qonaqlara Azərbaycanın yaşıl enerji siyasəti və ölkəmizdə bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib.
Sənayenin rəqəmsallaşdırılması, dayanıqlılıq, enerji keçidi, insan kapitalının inkişafı istiqamətləri üzrə ölkəmizin qarşısında duran prioritetlər diqqətə çatdırılıb.
Görüşdə biznes mühitində dayanıqlı fəaliyyətə keçid, bərpaolunan enerji resurslarından istifadə və iqtisadiyyatda innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin enerji keçidi istiqamətində təşəbbüslər üçün əhəmiyyəti qeyd edilib.
Tərəflər həmçinin, “Honeywell” şirkəti tərəfindən təqdim edilən innovativ həllərin Azərbaycanda dayanıqlı enerji resurslarından istifadənin genişləndirilməsi üçün potensial əhəmiyyəti və iqtisadiyyatın bir çox sahələrində səmərəli fəaliyyətin təşkili barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.