...

Çili COP29-da ekoloji nəqliyyat strategiyasını təqdim etdi

İqtisadiyyat Materials 20 Noyabr 2024 13:18 (UTC +04:00)
Çili COP29-da ekoloji nəqliyyat strategiyasını təqdim etdi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Çili iqlim dəyişikliyi ilə mübarizəyə qətiyyətlə sadiqdir.

Trend xəbər verir ki, bunu Çilinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyos COP29 Sammitində bildirib.

Öz milli bəyanatında X.Munyos, Çilinin emissiyaların azaldılması və "yaşıl" enerjiyə keçid üzrə iddialı planlarını açıqlayaraq, iqlim dəyişikliyi probleminin həllinə kompleks və inklüziv yanaşmanın vacibliyini vurğulayıb.

"Çili iqlim məqsədlərinə sadiqdir. Biz iqlim dəyişikliyinə davamlılıq və karbon neytrallığına nail olmaq məqsədi qarşıya qoymuş azsaylı inkişaf etməkdə olan ölkələrdən biriyik və bu məqsədə 2050-ci ilə qədər çatmağı planlaşdırırıq", — deyə o qeyd edib.

O bildirib ki, ölkənin iqlim dəyişikliyi haqqında çərçivə qanunu bütün səviyyələrdə hakimiyyət orqanlarını öz siyasətlərində iqlim aspektlərini nəzərə almağa məcbur edir. Bu, istixana qazı emissiyalarının azaldılmasına yönəlmiş strateji planların, normativ aktların və iqtisadi alətlərin hazırlanmasını əhatə edir.

Çilinin uzunmüddətli iqlim strategiyası çərçivəsində 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq məqsədi var və bu istiqamətdə müəyyən sektorlar üzrə uyğunlaşma və təsirlərin azaldılması planları artıq həyata keçirilir.

"Bu kompleks yanaşma Çilinin iqlim sahəsində elmi məlumatlara əsaslanan və milli məqsədlərə nail olmaq üçün müxtəlif alətlərlə dəstəklənən güclü dövlət siyasətini həyata keçirməsinə imkan yaradır", — deyə X.Munyos əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti