...

Dominika kiçik ada dövlətlərinin problemlərinin həlli üçün iqlim maliyyələşdirilməsində islahatlar tələb edir

İqtisadiyyat Materials 20 Noyabr 2024 12:20 (UTC +04:00)
Dominika kiçik ada dövlətlərinin problemlərinin həlli üçün iqlim maliyyələşdirilməsində islahatlar tələb edir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İnkişaf etməkdə olan kiçik ada dövlət kimi Dominika, iqlim dəyişikliklərinin təsirlərinə qarşı ən həssas ölkələr sırasında yer alır.

Trend xəbər verir ki, bu barədə Dominikanın ətraf mühit naziri Kozye Frederik COP29 Sammitində çıxışı zamanı bildirib.

"Dominika, qlobal istixana qazı emissiyalarına minimal töhfəsinə baxmayaraq, ciddi təhdidlərlə üzləşir. Artan ekstremal hava hadisələri bizim ekosistemlərimizə, iqtisadiyyatımıza və insanların gündəlik həyatına birbaşa təhlükə yaradır", – deyə o qeyd edib.

Nazir iqlim dəyişikliklərinin milli ərzaq təhlükəsizliyi və turizmə necə ciddi təsir etdiyini ətraflı izah edib.

"Bu, bizim ərzaq təhlükəsizliyimizə və turizmimizə dərin təsir göstərir. Bunlar bizim inkişaf və sabitliyimizin ən vacib komponentləridir", – deyə o vurğulayıb.

Nazir iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsi üzrə hədəflərin yenidən nəzərdən keçirilməsinə çağırıb və illik 100 milyard dollarlıq hədəfin dəyişdirilməsini dəstəkləyib.

"Biz Uyğunlaşma Fondu üzrə öhdəliklərin hədəflərə çatmamasından narazıyıq", – deyə K.Frederik bildirib və inkişaf etmiş ölkələrin öz öhdəliklərinə sadiq qalmalı olduğunu vurğulayıb.

"Biz həmçinin, COP28-də yaradılmış Zərər və İtkilər Fonduna əsaslanaraq onun maliyyə əhatəsini və əməliyyat strukturunu genişləndirməliyik", – deyə o əlavə edib.

Nazir bu vəsaitlərə çıxışın şəffaf və inklüziv bir proseslə təmin edilməsinə çağırıb ki, bu, iqlim təsirlərindən ən çox zərər çəkənlərə sürətli və effektiv yardım göstərilməsini təmin etsin.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti