Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Maldiv Meteorologiya Xidmətinin Baş direktorunun müavini Əli Şərifdir.
Müsahibimiz Trend-ə bildirib ki, birlikdə qarşılıqlı maraqlar çərçivəsində səriştəlilik nümayiş etdirilsə, iqlim dəyişikliyinə qarşı müsbət nəticələrə nail oluna bilər.
O, COP29 nəticələri ilə bağlı çox ümidli olduğunu bildirib:
"Mən hələ də çox ümidliyəm. Bilirsiniz, artıq COP29-un son günlərindəyik. Hələ də bir neçə danışıqlarda duruxma, büdrəmə var. Amma hələ iki günümüz var. Buna görə də çox ümidli və optimistəm. Son ana qədər də optimist olacağam.
Əgər birlikdə qarşılıqlı maraqlar çərçivəsində səriştəlilik nümayiş etdirilsə, iqlim dəyişikliyinə qarşı müsbət nəticələrə nail oluna bilər".
"İndiki mərhələdə danışıqlar çox xarakterikdir. Mən bir müddətdir ki, bu prosesdə - danışıqlarda iştirak edirəm. İlk həftədəki təfərrüatlandırdığımız, təqdim etdiyimiz təkliflər bir az dəyişdi. Lakin vaxtı nəzərə alıb daha sürətli danışıqlar aparacağıq", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.