Bakı. Trend:
2030-cu ilə qədər Litvanın milli elektrik şəbəkəsi tamamilə ekoloji cəhətdən təmiz olacaq və bərpa olunan enerji mənbələrindən istifadə 100 faizə çatacaq.
Trend xəbər verir ki, bunu Litvanın ətraf mühit naziri Simonas Qentvilas COP29 Sammitində çıxışı zamanı bildirib.
"Bizim görüşümüz hərəkət etmək üçün növbəti bir fürsətdir", — deyə Simonas Qentvilas qeyd edib və təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
O, qalıq yanacaqlardan imtinanın əhəmiyyətinə diqqət çəkib və 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin qlobal gücünü üç dəfə artırmaq və enerjiyə qənaət üzrə səyləri ikiqat artırmaq məqsədini xatırladıb. Bu hədəflər ötən il Dubayda keçirilmiş sammitdə irəli sürülüb. Lakin onun sözlərinə görə, proqramın ilkin qiymətləndirilməsi göstərir ki, dünya ictimaiyyətinin səyləri hələ kifayət qədər deyil.
"Təəssüf ki, proqramın ilkin qiymətləndirilməsi göstərir ki, bizim kollektiv səylərimiz kifayət qədər deyildi. Biz daha yaxşı işləyə bilərik və işləməliyik", — deyə nazir vurğulayıb.
Litva "yaşıl" iqtisadiyyata keçid sahəsində əhəmiyyətli uğurlar əldə edib. Ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı ilin səviyyəsi ilə müqayisədə ən azı 70 faiz azaltmağı öhdəsinə götürüb. Uzunmüddətli məqsəd isə 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaqdır.
Nazir əlavə edib ki, 2020-ci ildən etibarən Litvada günəş və külək enerjisinin gücü dörd dəfə artıb və 2026-cı ilə qədər bu göstəricinin iki dəfədən çox artacağı gözlənilir. Bundan əlavə, ölkə 2050-ci ilə qədər istilik sektorunda 100 faiz bərpa olunan enerji mənbələrindən istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.