Bakı. Trend:
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik bu ilin dekabrında Azərbaycana keçəcək.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Nurlan Kenesov “Dayanıqlı əlaqəyə aparan yollar: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin və onun üzvü olan ölkələrin, eləcə də təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat dəhlizlərini təmin edilməsi üzrə Asiya regional təşkilatlarının səyləri” mövzusunda panel müzakirəsi zamanı bildirib.
O, Qazaxıstanın Dayanıqlı Əlaqəlilik Şurasının yekun yaradılmasını səbirsizliklə gözlədiyini vurğulayıb.
"Keçən il Şuranın yaradılması konsepsiyası hazırlanmış və AQEM Katibliyi ilə birlikdə konsepsiyanı müzakirə etmək üçün milli ekspertlərlə üç işçi görüşü keçirmişik. Ümumilikdə, bu təşəbbüs iştirakçılar tərəfindən geniş dəstək qazanıb. Təşkilatda sədrliyin bu ilin dekabr ayında Azərbaycana keçəcəyini nəzərə alaraq, hörmətli azərbaycanlı həmkarlarımıza AQEM Katibliyi ilə birgə konsepsiyanın yekunlaşdırılması üzərində işi davam etdirməyi və Şuranın yaradılmasına başlamağı xahiş edirik", - o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.