...

Qvatemala sıfır karbon balansı hədəfinə sadiqliyini təsdiqləyir - Nazir müavini

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 17:17 (UTC +04:00)
Qvatemala sıfır karbon balansı hədəfinə sadiqliyini təsdiqləyir - Nazir müavini
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmiz meşə sektorunda sıfır karbon balansına nail olmaq üçün öhdəlik götürür.

Trend xəbər verir ki, bu barədə Qvatemalanın təbii resurslar və iqlim dəyişikliyi üzrə nazir müavini Edvin Kastelyanos COP29 sammitində milli bəyanatı ilə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünyada ekoloji cəhətdən ən müxtəlif ölkələrdən biri olan Qvatemala ciddi iqlim problemləri ilə üzləşir.

"Qlobal istixana qazı emissiyalarında kiçik paya malik olmasına baxmayaraq, ölkə güclü fırtınalar, qasırğalar və daşqınlar kimi iqlim dəyişikliyinin təsirlərini yaşayır ki, bu da iqtisadi və ekoloji zərərə səbəb olur.

Biz iqlim böhranı ilə mübarizə üçün kollektiv səyləri artırmağa borcluyuq. Ölkəmiz iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq və adaptasiya prosesini gücləndirmək üçün fəal təşəbbüslər həyata keçirir", — deyə vitse-nazir bildirib.

O qeyd edib ki, Qvatemala, həmçinin, meşə ərazilərinin bərpası və genişləndirilməsi üzərində fəal işləyir və karbon sertifikatları proqramı kimi mexanizmləri tətbiq edərək, CO2 emissiyalarını azaltmağı hədəfləyir.

"Bu prosesdə iqtisadiyyatın bütün sektorlarının, eləcə də, kənd əraziləri və yerli xalqların iştirakı mühüm əhəmiyyət kəsb edir.

İqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələrin adaptasiya proqramlarını effektiv şəkildə həyata keçirmək və yerli icmaların həssaslığını azaltmaq üçün ədalətli və əlçatan iqlim maliyyələşməsinə ehtiyacı var", — deyə E.Kastelyanos əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti