Bakı. Trend:
Bu çətin zamanda Ukraynaya göstərilən humanitar yardım üçün Azərbaycana təşəkkürümü bildirmək mənim üçün böyük şərəfdir.
Trend xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii resurslar naziri Svetlana Qrinçuk Bakıda keçirilən COP29 sammitində milli bəyanatla çıxış edərkən bildirib.
Nazir vurğulayıb ki, Ukrayna Paris Sazişi çərçivəsində öz milli səviyyədə müəyyən edilmiş töhfəsi üzərində işləməyə davam edir və növbəti il onu vaxtında təqdim etməyi planlaşdırır.
O əlavə edib ki, Ukrayna ölkənin "yaşıl" bərpasına yönəlmiş tədbirləri əhatə edəcək investisiya planını təqdim edəcək.
"Ukrayna meşələrinin istixana qazlarını udma potensialı 1,7 milyon ton CO2 azalıb. Təbiət sərhəd tanımır və bu, qonşu ölkələrə, həmçinin, qlobal ərzaq zəncirinə təsir göstərəcək", — deyə Svetlana Qrinçuk bildirib.
Onun sözlərinə görə, Ukrayna yaşıllaşdırma və meşələrin bərpası proqramı çərçivəsində üç il ərzində 100 milyondan çox ağac əkilməsini planlaşdırır. Hazırda unikal bioloji müxtəlifliyi Ramsar Konvensiyası ilə qorunan 17 bataqlıq ekosistemi təhlükə altındadır.
"Ukrayna qlobal iqlim gündəliyinə əməl etmək əzmindədir və 2050-ci ilə qədər sıfır emissiya hədəfinə çatmaq öhdəliyini artıq qəbul edib. Bu, həm özəl sektorun, həm də hökumətin əhəmiyyətli səylərini tələb edəcək", — deyə nazir qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.