Bakı. Trend:
COP29 çərçivəsində "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda yüksək səviyyəli "dəyirmi masa" müzakirələri keçirilib.
Trend xəbər verir ki, Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə çıxış edərək bildirib ki, Orta Dəhliz vasitəsilə tranzit konteyner blok qatarlarının sayı 2025-ci ilə qədər 600-ə çatdırılacaq.
"Son bir neçə ildə Azərbaycan ümumi tranzit həcminin davamlı artımını nümayiş etdirir. 2023-cü ildə bu göstərici 13,4 milyon ton təşkil edib ki, bunun 4,3 milyon tonu Orta Dəhliz vasitəsilə daşınıb. 2024-cü ilin əvvəlindən Çin vasitəsilə Orta Dəhlizdən keçən blok qatarlarının hərəkətini təmin edirik.
Bu ilin sonuna qədər ölkəmizin ərazisindən 300-dən çox blok qatarının keçməsi gözlənilir. Hazırda tranzitin orta müddəti Azərbaycan limanlarına qədər 10 gün, Gürcüstan limanlarına qədər isə 12 gün təşkil edir.
Gələn il biz blok qatarlarının sayını 600-ə çatdırmağı, perspektivdə isə bu göstəricini 1 000 blok qatarına qədər artırmağı planlaşdırırıq", — deyə nazir vurğulayıb.
Əlavə olaraq, BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) icraçı katibi Tatyana Molçan qeyd edib ki, Orta Dəhliz rəqəmsal inkişaf üçün böyük potensiala malikdir.
Onun sözlərinə görə, məqsədyönlü səylər Orta Dəhlizi tam rəqəmsallaşdırılmış və harmonik bir marşruta çevirmək üçün imkan yaradır, bu isə xərcləri azaldacaq və bütün iştirakçılar üçün şəffaflığı artıracaq.
Molçan əlavə edib ki, Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) çərçivəsində AİK regional maraqlı tərəflərlə sıx əməkdaşlıq edir.
"Keçən il Bakıda dövlət başçıları səviyyəsində SPECA-nın Transxəzər dəhlizinin rəqəmsallaşdırılmasına dair yol xəritəsi təsdiq edildi. Bu yol xəritəsi 2027-ci ilə qədər Transxəzər dəhlizi boyunca real vaxt rejimində məlumat mübadiləsinin BMT-nin rəqəmsal standartlarına uyğun tətbiqini nəzərdə tutur", — deyə o bildirib.
Daha sonra Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qeyd edib ki, Orta Dəhlizin dayanıqlığının və etibarlılığının gücləndirilməsi Gürcüstan üçün prioritetdir.
"Bizim prioritetimiz Orta Dəhlizin dayanıqlığını və etibarlılığını artırmaq, o cümlədən, infrastrukturun modernləşdirilməsi vasitəsilə bu məqsədə nail olmaqdır. Gürcüstandakı iki əsas dəmir yolu layihəsini xüsusilə qeyd etmək istəyirəm: əsas dəmir yolu xəttinin modernləşdirilməsi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti. Bu layihələr dəmir yolu daşımalarının rəqabət qabiliyyətini artırır ki, bu da ən ekoloji təmiz nəqliyyat növlərindən biri hesab olunur", — deyə nazir bildirib.
Öz növbəsində BMT baş katibinin müavini və ESCAP-ın icraçı katibi Armida Salsiya Alişahbana bildirib ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin, o cümlədən, Orta Dəhlizin yaradılmasına dəstəyini davam etdirəcək.
"Yaşıl nəqliyyat dəhlizlərinin yaradılması yalnız müvafiq texnologiyaların tətbiqini deyil, həm də ölkələr arasında standartların qarşılıqlı tanınmasını əhatə edən müvafiq razılaşmaların bağlanmasını tələb edir. Bu, regional əməkdaşlığı gücləndirəcək.
Normativ bazaların harmonizasiyası və rəqəmsal həllərin tətbiqi vasitəsilə Orta Dəhlizdə multimodal əməliyyatların gücləndirilməsi nəqliyyat sistemlərinin daha dayanıqlı olmasını təmin edəcək. ESCAP bu istiqamətdə dəstəyini davam etdirəcək", — deyə o qeyd edib.
Qırğızıstan Respublikasının nəqliyyat və kommunikasiyalar nazirinin müavini Bekjan Rısmendeyev isə deyib ki, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu Şərqi Asiya, Mərkəzi Asiya və Cənubi Avropa arasında məsafəni təxminən 900 km qısaldacaq, daşınma müddəti isə 10 günə qədər azalacaq.
"Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin əhəmiyyətini xüsusi olaraq vurğulamaq istəyirəm. Bu yeni dəmir yolu dəhlizi Orta Dəhlizin cənub qoluna çevriləcək və Cənub-Şərqi Asiya, Qərbi Asiya, eləcə də Yaxın Şərq bazarlarına çıxış təmin edəcək.
Layihə Çindən yüklərin Qırğızıstan vasitəsilə Mərkəzi Asiyaya, Yaxın Şərqə, o cümlədən Türkiyəyə və daha sonra Avropa İttifaqına daşınmasını mümkün edəcək. Layihənin reallaşdırılması məsafə və çatdırılma müddətinin azalması hesabına beynəlxalq tranzit bazarında rəqabət qabiliyyətini artıracaq", — deyə o bildirib.
Əlavə olaraq Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu çıxışında vurğulayıb ki, Türkiyə və Azərbaycan Orta Dəhliz üzərindən həyata keçirilən yükdaşımalarda Zəngəzur yolu istiqamətində ayrı bir marşrut qurmaq üzərində işləyir.
Nazir bildirib ki, Türkiyə nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir, qitələrarası dəhlizlərdən istifadədə vacib rol oynayır.
“Buna görə biz böyük investisiyaların yatırılmasını planlaşdırırıq, əməkdaşlığımızı genişləndiririk. Dəhlizlərin bir-biri ilə əlaqəsini təmin edərkən onların üzərində yerləşən marşrutların sayını artırırıq. Bu istiqamətdə Orta Dəhliz barədə danışanda Zəngəzur yolunu xüsusi vurğulamaq istəyirəm. Gələcəkdə bu yol üzərindən daha bir marşrut yaratmaq istiqamətində aktiv işlər gedir”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.