...

Şəhər nəqliyyatı daha ekoloji və əlçatan olmalıdır – UN-Habitat

İqtisadiyyat Materials 20 Noyabr 2024 13:14 (UTC +04:00)
Şəhər nəqliyyatı daha ekoloji və əlçatan olmalıdır – UN-Habitat
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Şəhər nəqliyyatı daha ekoloji və əlçatan olmalıdır.

Trend xəbər verir ki, bunu BMT-nin yaşayış məntəqələri Proqramının (un-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax COP29 çərçivəsində keçirilən "Şəhər nəqliyyatının yaşıllaşdırılması" sessiyasında çıxış edərkən bildirib.

O vurğulayıb ki, nəqliyyat bu gün dünyada ən sürətlə artan emissiya mənbələrindən biridir və qətiyyətli tədbirlər görülməsə, bu tendensiya davam edəcək. 2050-ci ilə qədər nəqliyyat fəaliyyətinin ikiqat artacağı gözlənilir.

"Şəhərsalma tərəfdarı və UN-Habitat-ın icraçı direktoru olaraq əminəm ki, bu məsələnin həlli şəhərlərimizin transformasiyasında yatır", - deyə o bildirib.

A.Rossbaxın sözlərinə görə, bu məqsədə çatmaq üçün lazım olan alətlər artıq mövcuddur və yalnız kursu dəyişmək lazımdır. Bu, şəffaf siyasətin və ekoloji və sosial bərabərliyi nəzərə alan investisiya təşviqlərinin prioritetə çevrilməsi ilə mümkündür.

"Emissiyaların azaldılması şəhərlərimizdə hərəkətlilik yanaşmasını dəyişməyi tələb edir. İctimai nəqliyyat, piyada marşrutları, velosiped yolları və birgə səfərlər elə rahat və əlçatan olmalıdır ki, hətta mövcud avtomobil sürücüləri üçün də üstün seçimə çevrilsin", - deyə o əlavə edib.

A.Rossbax həmçinin, əlçatan mənzil sahələrini iş yerləri və xidmətlərlə birləşdirən çoxfunksiyalı və çoxmodal elektrikli ictimai nəqliyyat sistemləri ilə sıx şəhər bölgələrinin inkişafının vacibliyini vurğulayıb.

"Paratranzit sistemləri olan şəhərlər daha keyfiyyətli və ekoloji cəhətdən təmiz xidmətlər təmin etmək üçün şəbəkələrin modernləşdirilməsinə dəstək almalıdırlar, bu xidmətlər isə hər kəs üçün əlçatan olmalıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti