Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz: Sloveniya Ətraf Mühit, İqlim və Energetika Nazirliyinin dövlət katibləri Uroş Vayql və Tina Serşendir.
COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində Sloveniya Ətraf Mühit, İqlim və Energetika Nazirliyinin dövlət katibi Uroş Vayql ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə üzrə danışıqlarda, təşəbbüslərdə və tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb.
"İqlim maliyyələşdirilməsi cari konfransın əsas mövzusudur. Bizim üçün xüsusilə vacibdir ki, COP29 çərçivəsində Bakıda qəbul edilən balanslı danışıqlar nəticəsi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün iddialı tədbirləri və keçən il qəbul edilən Qlobal Baxışının (GST) nəticələri tam həyata keçirilməsini təmin etsin.
Siyasi təşəbbüslər arasında bərpa olunan enerji mənbələrinin istifadəsinin üç dəfə artırılması və nüvə infrastrukturlarının inkişafı hədəfini qeyd etmək istərdim. Biz əminik ki, siyasi təşəbbüslər iqlim tədbirlərinin sürətləndirilməsinə əlavə təkan verir. Bu il biz enerji saxlanması və şəbəkələrin inkişafı üzrə Qlobal Öhdəliyə, eləcə də iqlim dəyişikliklərinə dayanıqlılığın artırılması üçün insan potensialının inkişafı təşəbbüsünə qoşulmağı planlaşdırırıq. Bundan əlavə, biz COP prosesində gənclərin iştirakı və vətəndaş cəmiyyətinin cəlb olunmasını fəal şəkildə dəstəkləyirik", - deyə U.Vayql vurğulayıb.
Sloveniyanın COP29-dakı prioritetləri
"Dərk edirik ki, dünya hal-hazırda qlobal istiləşməni 1,5 °C-də məhdudlaşdırmaq üçün lazım olan trayektoriya ilə irəliləmir. Cari konfransın əsas mövzusu iqlim maliyyələşdirilməsi olsa da, iqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün fəal səylərin vacibliyini unutmaq olmaz. Əhəmiyyətli vəzifələrdən biri yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) hazırlanmasıdır. Biz keçən il Dubayda götürülən öhdəliklərin, o cümlədən enerji sektorunda qalıq yanacaqlardan imtina və kömür istifadəsinin tədricən azaldılması prosesinin davam etdirilməli olduğunu düşünürük. Bu impuls saxlanılmalıdır", - deyə o əlavə edib.
Dövlət katibinin sözlərinə görə, iqlim hədəflərinə və karbon neytrallığına nail olmaq üçün göstərilən səylər insan hüquqları və gender bərabərliyi prinsiplərini nəzərə almalıdır.
"Belə yanaşma iqlim planlaşdırmasının ayrılmaz hissəsinə çevrilməlidir. Bundan əlavə, təbiətə əsaslanan həllər olmadan uğurlu keçid mümkün deyil. Təbiət mexanizmlərini nəzərə alan kompleks su ehtiyatları idarəetmə sistemi iqlim dəyişikliklərinə dayanıqlığın təmin edilməsində əsas rol oynayır", - deyə U.Vayql qeyd edib.
COP29-da inkişaf etməkdə olan ölkələr üçün effektiv iqlim maliyyələşdirməsinin təmin edilməsi
Dövlət katibi bildirib ki, COP29 çərçivəsində Bakıda yeni kollektiv maliyyə hədəfi razılaşdırılmalıdır. Bu hədəf inkişaf etməkdə olan ölkələr, o cümlədən ən az inkişaf etmiş ölkələr üçün iqlim strategiyalarını və tədbirlərini effektiv şəkildə həyata keçirməyə imkan verəcək.
"Sloveniya iqlim maliyyələşdirilməsinə sadiqliyini nümayiş etdirir. Bunun bariz nümunəsi kimi, Zərərlər və İtkilər Fondu üçün 1,5 milyon avro ayırmaq öhdəliyimizi göstərmək olar. Biz ən kiçik donor ölkələrdən biri olsaq da, bu öhdəlik mürəkkəb çoxtərəfli şəraitdə mühüm siqnal kimi xidmət edir.
Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) həm iddialı, həm də real olmalı, sıfır emissiya və dayanıqlı iqtisadiyyata keçid üçün qlobal tələblərə cavab verməlidir. Biz daha geniş maliyyə mənbələrinə əsaslanan çoxşaxəli bir hədəf təklif edirik. Artan iqtisadi imkanlar və əhəmiyyətli emissiyalarını nəzərə alaraq, donor ölkələrinin sırasına yeni ölkələrin daxil edilməsi vacibdir. Bu yanaşma daha ədalətli məsuliyyət bölgüsünü təmin edəcək", - deyə U.Vayql qeyd edib.
O əlavə edib ki, bu məqsədlərə nail olmaq üçün investisiyalara dair əlverişli şərait yaradılmalı, daha iddialı iqlim təşəbbüsləri stimullaşdırılmalı, eləcə də hər bir ölkədə özəl kapital və daxili resurslar səfərbər edilməlidir.
"Çoxtərəfli İnkişaf Bankları (ÇİB) birgə maliyyələşdirmənin yaxşılaşdırılması və ölkələr üçün resursların daha əlçatan olması üçün səylərini gücləndirməlidir. Beynəlxalq maliyyə arxitekturasının islahatını davam etdirmək, ÇİB-in kredit imkanlarını genişləndirmək, daha çox özəl investisiya cəlb etmək və iqlim problemlərini effektiv həll etmək vacibdir", - deyə o yekunlaşdırıb.
Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi
Dövlət katibi Tina Serşen vurğulayıb ki, Sloveniya Avropada adambaşına düşən günəş panellərinin istehsalına görə lider mövqedədir və hidroelektrik turbinlərin ən iri Avropa təchizatçılarından biridir.
"Sloveniyanın iki aparıcı istehsalçısı, həmçinin, bərpa olunan enerji sahəsində xidmət və məhsul təklif edən daha kiçik çoxsaylı şirkətləri qabaqcıl texnologiyalarını, ekspert biliklərini və bərpa olunan enerji mənbələrinin ekoloji baxımdan dayanıqlı tətbiqini təmin etmək üçün dəstək təklif edirlər.
Sloveniya Azərbaycanın bu sahədə planlaşdırdığı layihələrə diqqət yetirməsini yüksək qiymətləndirərdi və bərpa olunan enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın inkişafına yönəlmiş hər hansı təşəbbüslərə açıqdır", - deyə o qeyd edib.
X: @Lyaman_Zeyn