...

Qazaxıstan iqlim dəyişikliklərini nəzərə alaraq kənd təsərrüfatının inkişafında böyük təcrübəyə malikdir – Nazir müavini

Yaşıl iqtisadiyyat Materials 21 Noyabr 2024 13:12 (UTC +04:00)
Qazaxıstan iqlim dəyişikliklərini nəzərə alaraq kənd təsərrüfatının inkişafında böyük təcrübəyə malikdir – Nazir müavini
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan iqlim dəyişikliklərini nəzərə alaraq kənd təsərrüfatının inkişafında böyük təcrübəyə malikdir.

Bu barədə Trend-ə Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Yermek Kencexanulı COP29 çərçivəsində məlumat verib.

"19 noyabr tarixində COP29 tədbirləri çərçivəsində kənd təsərrüfatı günləri keçirildi. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə biz bütün tədbirlərdə iştirak etdik. Əlbəttə ki, biz iqlim dəyişikliklərinə qarşı mübarizə çərçivəsində məsələləri qaldırırıq. Bu gün ekoloji məsələlərlə bağlı mövzular aktualdır.

Bu sessiyalar çərçivəsində biz, ilk növbədə, təcrübə mübadiləsi apardıq, hər bir ölkənin ekoloji problemlərin yaranmasına səbəb olan nəticələrlə necə mübarizə apardığını öyrəndik. Demək olar ki, hər bir ölkə öz praktiki mexanizmlərini təqdim etdi. Əlbəttə, Qazaxıstanın da iqlim dəyişikliklərini nəzərə alaraq kənd təsərrüfatının inkişafında çox böyük təcrübəsi var. Biz ötən il 2030-cu ilə qədər aqrar-sənaye kompleksinin inkişafına dair böyük bir konsepsiya qəbul etdik. Bu sənəddə kənd təsərrüfatının inkişafı üçün bütün mexanizmlər nəzərdə tutulub", – deyə o bildirib.

Yermek Kencexanulı qeyd edib ki, ümumiyyətlə, bütün ölkələr bu gün kənd təsərrüfatının yetərincə maliyyələşdirilmədiyi ilə razılaşır.

"Bu istiqamətdə Qazaxıstan böyük işlər aparır. Cəmi bir il ərzində Qazaxıstan yaz əkinləri və məhsul yığım işlərinin kreditləşdirilməsi sahəsində maliyyələşdirməni 1,2 milyon ABŞ dollarına çatdırıb. Bu, kreditləşdirmə üçün ayrılan böyük bir vəsaitdir. Dövlət başçısı bizə maliyyələşdirmə həcmini 3 milyard ABŞ dollarına çatdırmaq vəzifəsini qoyub. Hazırda bu rəqəm 1,2 milyard ABŞ dollarına çatdırılıb, lakin məqsəd bu həcmi 2025-ci ilə qədər 3 milyard ABŞ dollarına çatdırmaqdır", – deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti