Bakı. Trend:
Səudiyyə Ərəbistanı "Rio Trio" Bəyannaməsinin müddəalarının icrasını gücləndirməyə çalışır.
Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Milli Bitki Örtüyü Mərkəzinin baş direktoru Xaled bin Abdullah Əl-Abdulkader COP29 çərçivəsində "Rio Trio təşəbbüsünün (Kolumbiya, Azərbaycan, Səudiyyə Ərəbistanı) "Dayanıqlı ekosistemlər üçün konvensiyalar arasında bilik mübadiləsinin artırılması" mövzusunda keçirilən yüksək səviyyəli dialoqda bildirib.
"İqlim əməkdaşlığı çərçivəsində biz qarşılıqlı əlaqəli sistemlərin gücünü bir daha dərk edirik. Bu sistemlər davamlılığı təmin edə və əməkdaşlığı gücləndirə bilər. Necə ki, ekosistemlər harmoniya içində inkişaf edir, eləcə də, bizim tədbirlərimiz əlaqəli olmalıdır ki, maksimum nəticə əldə edək.
BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası üzrə Tərəflərin 16-cı Konfransına (UNCCD) sədrliyimiz çərçivəsində biz "Rio Trio" təşəbbüsü çərçivəsində zəruri əməkdaşlığı gücləndirmək öhdəliyini qəbul edirik.
Torpaq həm biomüxtəliflik, həm də iqlim fəaliyyəti üçün təməldir. Bizim vəzifəmiz bu əsas resursu dəstəkləyərək, təcili şəkildə yaratmalı olduğumuz sinerjiləri təmin etməkdir. Bu məsuliyyəti qəbul edərək, biz artıq Sinergiyalar üzrə Gündəliyi dəstəkləmək üçün tədbirlər görmüşük", – deyə o vurğulayıb.
Xaled bin Abdullah Əl-Abdulkader Nyu-Yorkda Səudiyyə Ərəbistanının Kolumbiya və Azərbaycanla birlikdə "Rio Trio" Bəyannaməsini işə saldığını xatırladıb.
"Bu bəyannamə bütün maraqlı tərəfləri ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün səyləri uyğunlaşdırmağa və gücləndirilmiş sinergiyalar vasitəsilə mühüm irəliləyişlərə töhfə verməyə çağırır. Biz "Rio Trio" Bəyannaməsinin müddəalarının icrasını gücləndirməyi hədəfləyirik.
Xüsusi diqqət qeyri-dövlət aktorlarının fəaliyyət gündəliyinin icrasına dəstək verməsinə yönəldiləcək. Biz birgə olaraq torpaq, təbiət və iqlim üçün üçqat fayda gətirəcək yüksək keyfiyyətli və effektiv nəticələrə nail olmağı gözləyirik. Bu, iddialı bir missiyadır, lakin ortaq səylərlə hər birimizin təkbaşına edə bilməyəcəyini birlikdə edə bilərik", – deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.