...

Almaniya COP29-da iqlim tədbirləri üzrə qərarların möhkəmləndirilməsinə çalışır - Nazir

Yaşıl iqtisadiyyat Materials 21 Noyabr 2024 17:28 (UTC +04:00)
Almaniya COP29-da iqlim tədbirləri üzrə qərarların möhkəmləndirilməsinə çalışır - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya COP29 çərçivəsində iqlim tədbirləri və biomüxtəlifliyin qorunması üzrə qərarların möhkəmləndirilməsi üçün bütün səylərini göstərir.

Trend xəbər verir ki, bunu Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, nüvə təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə federal nazir Şteffi Lemke "Təbiətə uyğun gələcək və Paris Sazişi məqsədlərinə nail olmaq üçün iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması üzrə tədbirlərin uyğunlaşdırılması" mövzusunda dünya liderlərinin dəyirmi masa müzakirəsində bildirib.

"Təbiətin qorunması və iqlim dəyişikliyi ilə mübarizə siyasətdə, planlaşdırmada və sıx əməkdaşlıqda nəzərə alınmalı olan məsələlərdir. Mən sevinirəm ki, Kaliyə keçirilən görüşdə tərəflər Rio Konvensiyaları arasında birgə iş proqramı ideyasını dəstəklədilər.

İndi isə bu qərarın Bakıda möhkəmləndirilməsi üçün çalışıram. Almaniya bu təşəbbüsləri müxtəlif yollarla dəstəkləməyə hazırdır. COP-un iqlim, təbiət və insanlar üzrə bəyanatı qarşımızda yeni fəaliyyət imkanları açır.

Kaliyə keçirilən görüş bizə gələcək addımlar üçün güclü impuls verdi. İndi isə Bakıda bu anı dəyərləndirmək və iqlim tədbirləri ilə biomüxtəlifliyin qorunmasını birləşdirən aydın qərarlar qəbul etmək vacibdir", – deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək. 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti