Bakı. Trend:
Beynəlxalq ictimaiyyət olaraq, nəhayət, Parisdə müəyyən edilmiş 1,5 dərəcə hədəfinə çatmaq üçün əlimizdən gələni etməliyik.
Trend xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"İqlim böhranı dövrümüzün ən böyük təhlükəsizlik çağırışıdır və o, milli sərhədlərlə məhdudlaşmır, hətta ən güclü hərbi birləşmələri belə nəzərə almır. O, nə geosiyasi gərginliklərə, nə də seçkilərin tarixlərinə əhəmiyyət verir", – deyə o qeyd edib.
"Geosiyasi münaqişələrdən fərqli olaraq, harada ki, sülhün bərpası hökumətlərin və cəmiyyətlərin əlindədir, iqlim böhranının sona çatdırılması bizim əlimizdə deyil.
Əgər beynəlxalq ictimaiyyət olaraq sıx əməkdaşlıq etsək, ən yaxşı halda iqlim böhranını nəzarət altına ala bilərik. Məhz buna görə hər il iqlim konfranslarına qatılırıq. Çünki hər 0,1 dərəcə belə böyük əhəmiyyət kəsb edir. Beynəlxalq ictimaiyyət olaraq, nəhayət, Parisdə müəyyən edilmiş 1,5 dərəcə hədəfinə çatmaq üçün əlimizdən gələni etməliyik", – deyə Annalena Berbok vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.