Bakı. Trend:
Dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasından əmək pensiyaçılarının yüksək xüsusi çəkiyə malik olması və cari il üçün dinamikaya əsaslanmaqla növbəti ildə əmək pensiyalarının minimum məbləğinin artırılması şərti ilə bu müavinət növünə tələb olunan vəsaitin məbləğinə yenidən baxılması zərurəti yarana bilər.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.
Sənədə əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər içərisində xüsusi çəkisinin həcminə görə 3-cü müavinət növü dəfn üçün müavinətlərdir.
Dəfn üçün müavinətlər üzrə xərclər cari ildə ötən ilin icrasına nisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılıb. Cari ilin I yarısında 20311 nəfərə görə dəfn müavinəti ödənilib ki, bu da cari ilin proqnoz göstəricisinin 48,4%-i həcmindədir.
I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə 16,76 mln. manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2%-i deməkdir. İzahata əsasən qeyd edək ki, növbəti ildə dəfn müavinəti ilə əhatə olunacaq sığortaolunanların sayı cari ilin proqnoz göstəricisi ilə müqayisədə 490 nəfər və ya 1,2% az proqnozlaşdırılıb. Növbəti ildə dəfn müavinəti üzrə xərclər cari ilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımla proqnozlaşdırılıb.
“Qeyd etmək lazımdır ki, cari ilin I yarımili ərzində dəfn müavinəti ödənilmiş şəxslərin 19478 nəfəri və ya 95,9%-i əmək pensiyaçıları, habelə xərc edilmiş vəsaitin 16,4 mln. manatı və ya 97,5%-i əmək pensiyaçılarının payına düşür.
“1-pensiya №-li” statistik hesabata əsasən cari ilin I yarısında vəfat etmiş əmək pensiyaçılarının sayı 16870 nəfər olsa da, təqdim edilmiş məlumatda pensiyaçı üzrə olmaqla müavinətlə təmin edilmiş şəxslərin sayı 2608 nəfər çox göstərilib ki, bu da pensiyaçının əvvəlki ildə vəfat etməsinə baxmayaraq, müavinətin təyin edilməsi üçün cari ildə müraciət edilməsi ilə əlaqədardır.
Məlumatlara əsasən 1 pensiyaçıya düşən orta müavinət məbləği 839,4 manat, 1 sığortaolunana düşən orta müavinət məbləği isə 495,9 manat təşkil edir. Qanunvericiliyə əsasən, sığortaolunanlara hesablanan dəfn müavinətinin məbləği 500 manat, əmək pensiyaçıları üzrə isə minimum əmək pensiyasının 3 misli, yəni 840 manatdır. Lakin növbəti ildə minimum əmək pensiyası məbləğinin artırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyinin gözlənildiyini nəzərə alsaq, artıq növbəti il üçün əmək pensiyaçılarına ödəniləcək dəfn müavinətinin məbləğinin də yüksələcəyini diqqətə almaq vacibdir.
Belə ki, “Büdcə zərfi”nə əlavə edilmiş İzahata görə, növbəti ildə dəfn müavinəti ilə bağlı xərclərin hesablanması məqsədilə bu müavinətin təyin ediləcəyi 41500 halın nəzərdə tutulduğu, cari ildə müavinət təyin edilmiş halların əsas hissəsinin (cari il üzrə 95,9%-nin) əmək pensiyaçılarını əhatə etməsi nəzərə alınsa, aparılan hesablamalar Layihəyə daxil edilmiş vəsaitin 97,8%-ə bərabər olan məbləğin tələb olunacağını göstərir.
Növbəti ildə əvvəlki ildə vəfat etmiş şəxslərin dəfn müavinəti ilə bağlı sənədlərin təqdim edilməsi və ya sığortaolunanlar üzrə də birdəfəlik dəfn müavinətinin məbləğinin artırılacağı təqdirdə dəfn müavinəti üzrə xərclərə yenidən baxılması zərurəti yarana bilər”, - deyə rəydə qeyd olunub.