Bakı. Trend:
Almaniya 2025-ci ildən biomüxtəliflik məsələlərinə illik 1,1 milyard avro ayırmağa başlayacaq. Bu, ölkənin iqlim öhdəlikləri çərçivəsində həyata keçiriləcək.
Trend xəbər verir ki, bunu Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, nüvə təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə federal nazir Şteffi Lemke "Təbiətə uyğun gələcək və Paris Sazişi məqsədlərinə nail olmaq üçün iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması üzrə tədbirlərin uyğunlaşdırılması" mövzusunda dünya liderlərinin dəyirmi masa müzakirəsində bildirib.
"Artıq 2023-cü ildə bu məbləğ 1,36 milyard avro təşkil edib ki, bu da seçdiyimiz kursun düzgünlüyünü təsdiq edir. Yüksək effektiv iqlim tədbirləri üzrə tərəfdaşlıq çərçivəsində biz Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə təbiətə əsaslanan həllər üçün özəl investisiyaların maliyyələşdirilməsini yaratmaq məqsədilə əməkdaşlıq edirik.
Bu məqsədlər üçün Almaniyanın Ətraf Mühit Nazirliyi 8 milyon avro ayıracaq. Bu, təbiəti mühafizə prinsiplərinə uyğun investisiyaları stimullaşdırmağa imkan verəcək. Milli səviyyədə biz iqlim siyasətini və təbiətin mühafizəsini təbiətə əsaslanan həll yolları vasitəsilə iqlim və biomüxtəliflik üçün vahid fəaliyyət planında birləşdiririk.
Əsas məqsəd Almaniyanın deqradasiyaya uğramış ekosistemlərinin sağlamlığını, dayanıqlılığını və biomüxtəlifliyini bərpa etməkdir", – deyə nazir bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.