...

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşdi

Siyasət Materials 22 Noyabr 2024 17:04 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi, onların dairəsi və səlahiyyət müddətlərini tənzimləyən normalar müəyyənləşib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri və Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbərliyi sırasından seçilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə daxil edilməsi üçün irəli sürülən namizədlərin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamədə aşağıdakı dəyişikliklər edilib:

dövlət orqanlarında və digər qurumlarda aparılan korrupsiya risklərinin qiymətləndirilməsini təhlil edir və nəticələrinə uyğun olaraq tövsiyələr verir;

korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və korrupsiya risklərinin qiymətləndirməsinin nəticələri barədə ictimaiyyətə məlumat verir;

Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın 5 üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilir.

Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir.

Komissiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən üzvləri hüquq mühafizə orqanlarının rəhbərləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri sırasından təyin edilirlər.

Komissiyanın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunan üzvləri deputatlar, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri və Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbərliyi sırasından seçilir.

Komissiyanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən üzvləri məhkəmə, prokurorluq, ədliyyə orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarətdir.

Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın sədri onun tərkibindən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir.

Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

öz arzusu ilə;

tutduğu vəzifədən azad edildikdə;

barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;

Komissiyanın nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verdikdə;

fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

vəfat etdikdə, yaxud məhkəmə tərəfindən ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə.

Komissiya üzvü Komissiyadakı vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda həmin maraqlar barəsində Komissiyanın sədrinə məlumat verməli və Komissiya üzvlərinin rəyi öyrənilməlidir. Komissiyanın üzvü Komissiya sədrinin və Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli və səsvermədə iştirak etməməlidir.

Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üzrə işin təşkili və birgə tədbirlərin həyata keçirilməsi, sahə üzrə tədqiqat, təhlil materiallarının hazırlanması, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müvafiq tədbirlərin yerinə yetirilməsi, habelə maarifləndirmənin həyata keçirilməsi üçün dövlət orqanlarının (qurumlarının) müvafiq sahə üzrə nümayəndələrindən ibarət işçi qruplar yarada bilər.

İşçi qrupların tərkibinə müvafiq sahələr üzrə qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər.

İşçi qrupların hazırladığı sənədlər Komissiyanın iclaslarında müzakirəyə çıxarıla və müvafiq qərarlar qəbul edilə bilər.

Xəbər lenti

Xəbər lenti