Bakı. Trend:
Britaniyanın “Jaguar Land Rover”in (Hindistan Tata Motors-a məxsus JLR) avtomobil istehsalçısının kompüter sistemlərinə haker hücumu onun əsas biznes sahələrini praktik olaraq iflic edib.
Trend-in məlumatına görə, bu barədə "Telegraph.co.uk" qəzeti xəbər verib.
Məlumata əsasən, “JLR” təcili olaraq informasiya sistemlərini söndürüb, onları yenidən işə salmaq cəhdləri hələ ki, uğursuz olub.
Kompüter sistemlərinin işinin dayandırılması təkcə istehsala deyil, həm də avtomobil təmiri sexlərinin işinə təsir göstərib. Hansılar ki, indi diaqnostika apara və “Range Rover”, “Discovery” və “Defender” avtomobillərinin, eləcə də “Jaguar” idman avtomobillərinin təmiri üçün JLR-dən yeni ehtiyat hissələrinə sifariş verə bilmirlər. Böyük Britaniyada bir milyondan çox “Land Rover” avtomobili və 373 minə yaxın “Jaguar” modeli qeydiyyatdan keçib.
Qeyd olunur ki, bəzi JLR avtotəmir sexləri mövcud ehtiyat hissələri resursundan istifadə etməklə fəaliyyətini davam etdirir və şirkət onlara texniki dəstək göstərir.
Şirkətin onlayn ehtiyat hissələri kataloqu uyğun detalların qeydi və əlavə məlumatı olan 100 min addan ibarətdir və ona giriş olmadan müəyyən bir model üçün düzgün hissəni tapmaq asan deyil.