...

Siyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları - ŞƏRH

Gündəm Materials 5 Sentyabr 2025 17:35 (UTC +04:00)
Siyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları - ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şəxsi maraqlarını milli mənafedən üstün tutan, ayrı-ayrı Qərb ölkələrində mühacir adı ilə məskunlaşan antimilli ünsürlər, eyni zamanda, AXCP sədri kərimov əli sosial şəbəkələrdəki çıxışları ilə özlərini davamlı şəkildə ifşa etməkdədirlər. “Moizələri” onların ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri anlamadıqlarını ortaya qoyur. Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu ünsürlər dövlətimizin uğurlarını, müstəqil siyasətini həzm edə bilməyən antiAzərbaycan qüvvələrin pərdə arxasından idarə etdikləri prosesin iştirakçılarıdırlar. Daha doğrusu, ölkəmizə qarşı aparılan informasiya müharibəsində utanmadan qarşı cəbhədə yer alırlar. Azərbaycana qarşı çirkin niyyətlərini gerçəkləşdirməyə cəhd edən bədxah qüvvələr cızdıqları ssenarinin icrasında onlardan ustalıqla istifadə edirlər. Onların sosial şəbəkələrdə dövlətçiliyimizin əleyhinə səsləndirdikləri cəfəngiyyatlar xaricdəki himayədarları, erməni lobbisi ilə şəxsi maraqlar üzərində qurulmuş işbirliyini bir daha ortaya qoyur. Antimilli notlara köklənmiş ikrah doğuran çıxışları açıq-aşkar göstərir ki, bu şəxsləri yalnız və yalnız ölkəmizin imicinə zərbə vurmaq, özlərinin yalanlarını həqiqət kimi sırımaq, hakimiyyətin atdığı hər bir addımı qara rəngdə təqdim etmək düşündürür. Kərimov əlinin bu gün sosial şəbəkələrdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısını, ümumiyyətlə, Azərbaycanın Çinlə, adıçəkilən qurumla əlaqələrini öz maraqlarına uyğun şəkildə “təhlil” etməsi diqqətdən kənarda qalmır. Reallıq budur ki, Zirvə görüşü Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təqdimatı oldu. Prezident İlham Əliyevin Zirvə görüşündə iştirakı və çıxışı, çoxsaylı görüşlər keçirməsi, hazırkı dövrün əsas çağırışlarını geniş müzakirə etməsi və sair kimi məqamlar ölkəmizə, dövlətimizin başçısına böyük etimadın növbəti təsdiqidir. Azərbaycan tarixi Zəfərinin yaratdığı reallıqlar fonunda söz sahibliyini daha da möhkəmləndirir, hər bir məsələdə ölkəmizin mövqeyi böyük önəm kəsb edir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq Azərbaycanın bu regional təşkilatla əlaqələrinin hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb etdiyini aydın şəkildə görmək mümkündür. Azərbaycan hər zaman dayanıqlı iqtisadi inkişafı, təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir. “ŞƏT plyus” formatında keçirilən görüşə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılmışdı. Antimilli ünsürlər, o cümlədən kərimov əli bu reallığı qəbul etməlidir ki, artıq fərziyyələrini reallıq kimi ictimai fikrə sırımaq zamanı deyil. Yeni texnologiyaların sürətlə inkişaf etdiyi hazırkı dövrdə cəmiyyətin hər bir üzvü istər ölkədə, istərsə də dünyada baş verən hadisələri daha dərindən öyrənmək, təhlil etmək imkanlarına malikdir. Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirə diqqət yetirsək, onun mahiyyətinə, hansı mövzuya həsr olunmasına, ən əsası hansı məkanda keçirilməsinə baxmayaraq əsas diqqət Azərbaycanın uğurlu siyasətinə yönəlir. Azərbaycan artıq üçüncü dəfə idi ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatılırdı. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr də diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyevin Çinə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə də hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, Azərbaycanın bərpaolunan enerji potensialı xüsusi diqqət göstərilən məsələ oldu. Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP kimi layihələr ŞƏT məkanında enerji təhlükəsizliyi baxımından diqqət mərkəzində saxlanılır. Digər tərəfdən Azərbaycan Orta Dəhlizin əsas dövlətlərindən biridir. Çinlə Avropanı birləşdirən bu nəqliyyat arteriyası ŞƏT-in üzvü olan dövlətlərin iqtisadi maraqlarına tam cavab verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi perspektivi Azərbaycanı ŞƏT ölkələri üçün mühüm tranzit tərəfdaşa çevirir. Amma dövlətimizin marağında olan nə varsa xaricdəki antimilli ünsürlərin, kərimov əlilərin marağına uyğun deyil. Utanmadan manipulyasiya ilə məşğul olan bu şəxslər nədənsə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantıda iştirakını yada salmırlar. Türkiyə NATO üzvü olan güclü dövlətdir. Bəs, NATO və Avropa İttifaqının üzvü olan Slovakiyanın baş nazirinin Pekində keçirilən tədbirlərdə iştirakına nə deyəcəksiniz? Ay siyasi diletant, Çində toplaşanlar avtoritarlardırsa onda bu ölkə necə Avropa İttifaqının üzvüdür?!

Millət vəkili qeyd edib ki, bu qaraguruhun dərdi heç bir halda demokratiya, seçkilər, yaxud digər məsələlər deyil. Onların əsl məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su tökməkdir. Təəssüflər olsun ki, “sapı özümüzdən olan baltalar”- antimilli ünsürlər şəxsi ambisiyalarının quluna çevrildikləri üçün uğurlarımızı həzm edə bilmirlər. Siyasi şüuru aşağı olan, konstruktivliyi qəbul etməyən bu pozucu ünsürlər birmənalı şəkildə siyasi meydanın küncünə sıxılıblar. Antimilli ünsürlərin, qaragüruhçu tör-töküntülərin ölkəmizin əleyhinə təbliğatlara sabun köpüyündən başqa bir şey deyil. Güclü, qüdrətli, qalib Azərbaycanın tutduğu yol inkişaf yoludur. Hər zaman yeni-yeni hədəflər bu yolun davamlılığını şərtləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti