Bakı. Trend:
TƏBİB tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Baku City Circuit) tərəfindən təşkil olunan 2025-ci il Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi xidmətin göstərilməsi təşkil olunacaq.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 18-21 sentyabr 2025-ci il tarixlərində Formula-1 yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub.
Eyni zamanda tibbi xidmətin təşkili istiqamətində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.
Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və
dərman vasitələri ilə təmin olunacaq.
Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb
işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.
Qeyd edək ki, TƏBİB 6 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.