Bakı. Trend:
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin cinayət işi üzrə zərərçəkmiş tərəfin hökmdən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Ali Məhkəmədə hakim keçirilən prosesdə zərərçəkmiş şəxslər verilmiş cəzadan narazı olduqlarını və cəzanın ağırlaşdırılmasını istəyib.
Məhkəmə qərar qəbul edib.
Qərara əsasən, zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Hərb Məhkəməsinin hökmünə əsasən, Ramil Əhmədov 9 il 6 ay, Fuad Ağayev 13 il, Fuad Axundov 9 il 6 ay, Cavid Ağadadaşov 4 il, Qurban Cümşüdov 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.