...

Minsk qrupunun ləğvi Azərbaycanın diplomatik qələbəsi və sülhə doğru tarixi addımdır - Deputat

Siyasət Materials 4 Sentyabr 2025 13:39 (UTC +04:00)
Minsk qrupunun ləğvi Azərbaycanın diplomatik qələbəsi və sülhə doğru tarixi addımdır - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT-in Minsk Qrupunun ləğvi Azərbaycanın diplomatik və siyasi sahədə növbəti mühüm qələbəsidir. Bu hadisə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində müstəsna əhəmiyyət kəsb edir və regionda dayanıqlı sülhün təmin olunması yolunda yeni səhifə açır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamaq üçün irəli sürdüyü əsas şərtlərdən biri məhz Minsk qrupunun fəaliyyətinin dayandırılması və ləğv edilməsi olub:

“Minsk qrupu uzun illər münaqişənin həlli istiqamətində hər hansı bir müsbət addım ata bilmədi, əksinə bəzi hallarda münaqişənin həllini daha da mürəkkəbləşdirdi. Azərbaycan dəfələrlə qurumun qeyri-konstruktiv mövqeyindən narazılığını ifadə etsə də, Minsk qrupu öz fəaliyyətində heç bir müsbət dəyişiklik etməyə cəhd göstərmədi. Bu baxımdan Minsk qrupu öz etimadını itirmişdi. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməklə regionda yeni reallıqlar yaratdı və Minsk qrupunun fəaliyyətinin aktuallığını tamamilə aradan qaldırdı.

Nəhayət ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən tarixi görüşdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış Birgə Bəyannamədə Minsk qrupunun ləğvi ilə bağlı müraciətin edilməsi də əksini tapdı.

Minsk qrupunun ləğvi Azərbaycanın prinsipial mövqeyinin və diplomatik səylərinin uğurlu nəticəsi kimi qiymətləndirilir. Bu eyni zamanda Azərbaycanın regionda sülh və sabitliyin təmin olunması istiqamətində göstərdiyi qətiyyətli addımların növbəti təsdiqidir”.

A.Həsənova qeyd edib ki, Azərbaycanın bu uğuru təkcə diplomatik müstəvidə deyil, həm də regionun gələcək inkişafı baxımından mühüm tarixi hadisə kimi yadda qalacaq:

“Bundan sonra Azərbaycanın diqqəti sülh müqaviləsinin tezliklə imzalanmasına və regionda dayanıqlı sülhün təmin olunmasına yönəlib. Minsk qrupunun ləğvi ilə artıq köhnəlmiş və qeyri-effektiv mexanizmlərdən imtina edilərək, regionda yeni sülh və əməkdaşlıq dövrünün başlanması üçün real addımlar atılır. Azərbaycanın bu prosesdəki qətiyyəti və prinsipial mövqeyi, regionun gələcəyinin daha firavan və sabit olacağına dair inamı artırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti