Bakı. Trend:
“MALBI-trans” və “Carpatica Feroviar” şirkətləri Orta Dəhliz nəqliyyat marşrutunun inkişafı çərçivəsində əməkdaşlıq sazişi imzalayıblar. Saziş bu istiqamətdə yeni müntəzəm xidmətlərin işə salınmasını nəzərdə tutur.
Bunu “MALBI-trans”ın baş direktoru Liliana Krutonoq Trend-ə özəl müsahibəsində deyib.
Onun sözlərinə görə, əvvəlcə marşrut təhlil mərhələsində olub və bu mərhələdə mümkün infrastruktur məhdudiyyətləri və ötürücülük qabiliyyəti qiymətləndirilib. Hazırda o, aktiv şəkildə inkişaf etdirilir, iştirakçılarının sayı isə artmaqda davam edir. İşlərə yeni şirkətlərlə yanaşı, bu marşrutu öz müştərilərinə təklif edən və xüsusi xidmətlər üçün müraciət edən nəqliyyat bazarının iri oyunçuları da qoşulurlar.
“Orta Dəhlizin inkişaf etməsini statistika da təsdiqləyir: rəsmi məlumatlara çıxış olduğu təqdirdə 2022–2025-ci illər üzrə daşımaların həcminin artımını izləmək mümkündür”, – deyə Krutonoq qeyd edib.
“MALBI-trans” rəhbəri bildirib ki, 2025-ci ildə şirkət mövcud layihələri davam etdirməklə yanaşı, yeni istiqamətləri də inkişaf etdirməyi planlaşdırır. Hazırda tenderlərdə iştirakla bağlı, o cümlədən, Konstansa limanı üzərindən hesablamalar təklif edilən və nəzərdən keçirilən marşrut üzrə işlər görülür.
Bundan başqa, yaxın illərdə bu istiqamətdə innovativ intermodal avadanlığın tətbiqi planlaşdırılır.
Krutonoqun sözlərinə görə, yeni iştirakçıların, o cümlədən, dəmiryolu operatorları və ekspeditor şirkətlərinin meydana çıxması ilə yanaşı, bazarda alternativ xidmətlər də meydana gəlib. Belə ki, əvvəllər dəniz seqmentində cəmi 2–3 gəmiçilik şirkəti fəaliyyət göstərirdisə, indi onların sayı əhəmiyyətli dərəcədə artıb və Poti limanına birbaşa reyslər də daxil olmaqla, yeni marşrutlar təklif edirlər.
“Orta Dəhliz iki dəniz seqmenti üzərindən əlaqəni nəzərdə tutur. Söhbət intermodal daşımadan getdiyi üçün əsas nəqliyyat vahidi konteynerdir. Konteyner avtomobil, dəmiryolu və ya dəniz nəqliyyatı ilə daşına bilər”, – deyə o bildirib.
Krutonoq vurğulayıb ki, mövcud marşrutlardan istifadə etməklə və müştərilərə yeni məhsullar təklif etməklə şirkət artıq fəaliyyət göstərən xidmətləri, o cümlədən, sistemli qatarları - məsələn, Çexiyadan - inteqrasiya edir. Yüklər limana çatdırılır, gəmiyə yüklənir və daha sonra dəniz seqmenti üzrə tərəfdaşların cəlb olunması ilə daşınır. Limana çatdıqdan sonra isə yüklər keçmiş SSRİ ölkələrini və müvafiq ittifaqlara daxil olmuş dövlətləri əhatə edən geniş dəmir yolu sisteminə inteqrasiya olunur.