Bakı. Trend:
Sentyabrın 3-də Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi
ilə Azərbaycan Fintex Assosiasiyasının (AzFina) təşkilatçılığı və
PashaPay-in sponsorluğu ilə “Fintex Üfüqləri Forumu” keçirilib.
Trend xəbər verir ki, forum ölkənin fintex ekosistemində aparıcı şirkətləri bir araya gətirərək, AniPay (Ani Ödənişlər Sistemi – AÖS) və Hökumət Ödəniş Portalının, o cümlədən QR ödənişlərin imkanları, rəqəmsal transformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi üzrə müzakirə platforması təqdim edib.
Forumun əsas məqsədi rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanı stimullaşdırmaq olub. 2024-cü ildə nağdsız əməliyyatların 66% artması, AniPay-in ölkənin rəqəmsal iqtisadiyyatındakı önəmini daha da aktuallaşdırıb.
Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu üzərində qurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinə uyğun xidmət modelləri və 24/7 fəaliyyət göstərən sistemlərə əsaslanan biznes həlləri üzərində işləyiblər. Məqsəd, mövcud texnologiyanı daha effektiv istifadə etməklə, real bazar ehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub. Uğurlu həllər təklif edən komandalara sertifikatlar təqdim olunub.