Bakı. Trend:
Böyük Britaniya hökuməti sığınacaq axtaranların yerləşdirilməsi üçün hotellərin əvəzinə sənaye və hərbi obyektlərdən, həmçinin istifadəsiz qalmış binalardan yararlanmağı nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə daxili işlər naziri İvet Kuper açıqlama verib.
Nazirin sözlərinə görə, sənaye əraziləri üçün nümunə olaraq hətta anbarlardan istifadənin mümkünlüyü müzakirə olunur. O əlavə edib ki, məqsəd miqrant hotellərinin sayını azaltmaq və onların istifadəsini mərhələli şəkildə dayandırmaqdır.
Hökumət, həmçinin qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq üçün milli şəxsiyyət vəsiqələrinin tətbiqini də nəzərdən keçirir. Qeyd edək ki, ötən həftə hökumət nümayəndəsi Pat Makfedden də hər bir Britaniya vətəndaşı üçün rəqəmsal şəxsiyyət vəsiqəsinin tətbiqinin qeyri-qanuni miqrasiyanın və sosial müavinət saxtakarlıqlarının qarşısını almağa kömək edə biləcəyini bildirmişdi.
İvet Kuper əlavə edib ki, miqrant hotellərinin ləğvi üçün əvvəlcə 2029-cu il müəyyən edilsə də, bu prosesi daha tez başa çatdırmağın mümkünlüyünə inanır.