Bakı. Trend:
Ermənistanın paytaxtı İrəvanın mərkəzində partlayış baş verib.
Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Hadisə şahidlərinin bildirdiyinə görə, partlayış Maştots prospekti ilə Əmiryan küçəsinin kəsişməsində baş verib. İlkin məlumata əsasən, Toyota Sienna markalı avtomobilin baqaj hissəsində yerləşən qaz balonu partlayıb.
Hadisə nəticəsində partlayış anında avtomobilin içində olmuş bir nəfər yaralanıb. Eyni zamanda, partlayışdan yaxınlıqda durmuş şəhər avtobusuna ziyan dəyib, ictimai nəqliyyat vasitəsinin şüşələri qırılıb. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.