Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssiə və təşkilat rəhbərlərinin iştirakı ilə Əbilyataq kəndində səyyar qəbul keçirib.
Trend xəbər verir ki, qəbulda Əbilyataq kəndi ilə yanaşı Niyazoba İnzibati Ərazi Dairəsi üzrə nümayədəliyinə daxil olan Niyazoba, Qarabağlı, Ağçay və Qarğalıq kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə Əbilyataq kəndində şəhid Elçin Mövlamovun büstü üzərinə gül dəstələri qoyub, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.