...

Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib (FOTO)

Siyasət Materials 2 Sentyabr 2025 17:31 (UTC +04:00)
Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

1 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Braziliya Federativ Respublikasına səfər edib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər zamanı Brazilia şəhərində Azərbaycan Respublikası və Braziliya Federativ Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, beşinci raundu keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Braziliya tərəfindən isə xarici işlər nazirinin birinci müavini Maria Laura de Roşa başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, təhsil, turizm, mədəniyyət və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, bu sahələrdə müqavilə-hüquq bazasının yaradılmasına qarşılıqlı dəstək ifadə olunub.

Müqabil tərəf cari ilin 8 avqust tarixində Vaşinqton sammiti zamanı əldə edilmiş tarixi razılaşmalar münasibətilə təbriklərini çatdırıb.

Öz növbəsində Azərbaycan-Ermənistan sülh gündəliyindən bəhs edən nazir müavini, eyni zamanda 1 sentyabr tarixdə ATƏT-in Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlandığını diqqətə çatdırıb.

Səfər çərçivəsində nazir müavini Braziliyanın Vitse-prezidenti Jeraldo Alkmin tərəfindən qəbul olunub.

Görüşdə J.Alkmin ötən ilin noyabr ayında COP29-da iştirak edən Braziliya nümayəndə heyətinin rəhbəri qismində ölkəmizə səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini qeyd edib.

Bu kontekstdə o, siyasi məsləhətləşmələrin, eləcə də Braziliyada keçirilən Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya əməkdaşlığı üzrə Birgə İşçi Qrupun birinci iclasının işinə uğurlar arzulayıb.

İki ölkə arasında çoxtərəfli və xüsusilə “COP Üçlüyü” formatında həyata keçirilən əməkdaşlıqdan razılığını ifadə edən Alkmin ölkəmizin qlobal iqlim gündəliyinə töhfələrini yüksək qiymətləndirib.

Braziliya xarici işlər naziri Mauro Vieyra ilə keçirilmiş görüşdə ölkələrəmiz arasında siyasi dialoqun uğurla inkişaf etdiyi, ticarət dövriyyəsində artımın müşahidə olunduğu vurğulanıb. Çoxtərəfli formatda əməkdaşlığın müvəffəqiyyətlə davam etdiyi bildirilib.

Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanma mərasimi keçirilib.

Azərbaycan tərəfindən sazişi Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Rəşad Novruz, Braziliya Federativ Respublikası tərəfindən xarici işlər naziri Mauro Vieyra imzalayıb.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Braziliyanın “Empresa Brasil de Comunicaçao” dövlət mətbuat agentliyi və özəl “SBT” televiziya kanalına müsahibə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti