Bakı. Trend:
Çindən olan paleontoloqlar erkən Yura dövrünə aid yeni dinozavr növü və cinsini kəşf ediblər. Yeni növü tədqiqatçılar Huashanosaurus qini adlandırıblar. Hesablamalara əsasən, bu otyeyən dinozavrların hündürlüyü 12 metrə yaxın olub.
Trend xəbər verir ki, elmi tədqiqatın nəticələri “Acta Geologica Sinica” (AGS) dərgisində nəşr olunub.
Huashanosaurus qini erkən Yura dövründən orta Yura dövrünə kimi Çinin hazırkı Quansi muxtar rayonunun ərazisində məskunlaşıb. Söhbət təxminən 200-162 milyon il bundan əvvəldən gedir. Yeni kəşf olunmuş dinozavr növünün iki nümunəsi, o cümlədən skeletinin bir hissəsi Dunşi kəndi yaxınlığında yerləşən karxanada tapılıb.
Huashanosaurus qini euzavropodların bazal nümayəndəsidir. Bu qrupa törəmə zauropod dinozavrları daxildir. Onların xarakterik xüsusiyyətləri çox uzun boyun, uzun quyruq, bədən ölçülərinə görə kiçik baş və massiv, sütunabənzər ətraflardan ibarətdir.