...

İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını dəstəkləyir – Pezeşkian

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 20:19 (UTC +04:00)
İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını dəstəkləyir – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran regionda sülh və sabitliyin möhkəmlənməsi istiqamətində Azərbaycan və Ermənistan arasındakı razılaşmanı dəstəkləyir.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Çində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

Onun sözlərinə görə, İran, eyni zamanda, Cənubi Qafqazda regiondan kənar qüvvələrin istənilən iştirakına qarşıdır.

Pezeşkian bildirib ki, bu əsasda İran qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə çalışır.

“İran və Türkiyə arasında ticarət dövriyyəsinin artması üçün iki ölkənin bank və gömrük əməkdaşlığının sadələşdirilməsinə ehtiyac var. İran iki ölkə münasibətlərinin yüksəldilməsi və əməkdaşlığın inkişafı qarşısındakı ehtimal olunan maneələrin aradan qaldırlması prosesinin sürətləndirilməsində əməkdaşlıq etməyə hazırdır”, - deyə o qeyd edib.

İran prezidenti deyib ki, İran ölkənin nüvə hüququnun rəsmən tanınması əsasında və qarşılıqlı uduş-uduş çərçivəsində ABŞ ilə danışıqlar aparmağa hazırdır. Avropa üçlüyünün öz öhdəliklərini yerinə yetirmədiyinə görə, BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarını bərpa etməyi nəzərdə tutan “snapback” mexanizmini tətbiq etmək hüququ yoxdur. Bu mexanizm tətbiq olunduğu halda ikitərəfli danışıqlar və qarşılıqlı əlaqələrə zərbə dəyəcək.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, İranın dinc məqsədli nüvə fəaliyyətləri sahəsində qanuni haqqı var. “Snapback” mexanizminin aktivləşməsinin heç bir xeyri yoxdur.

“İki ölkənin birgə əməkdaşlıq ali komissiyasının iclasının tez bir zamanda keçirilməsi əhəmiyyət kəsb edir. Bu məqsədlə İrana səfər edəcəyəm”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti